Dünya
Alkoqol yuxunu yaxşılaşdırır?
Bir çoxları hesab edir ki, bir qədəh şərab və ya sərt içki daha tez yuxuya getməyə və dərin yuxu yatmağa kömək edir. Lakin mütəxəssislər bunun tamamilə yanlış təsəvvür olduğunu bildirirlər. Oxu.Az xəbər verir ki, Lomonosov adına Moskva Dövlət Universiteti Klinikasının Yuxu Təbabəti Mərkəzinin rəhbəri, somnoloq Aleksandr Kalinkin "Ridus" nəşrinə müsahibəsində alkoqolun yuxu keyfiyyətinə mənfi təsirlərindən danışıb. Ekspertin sözlərinə görə, spirtli içkilər yuxu dərmanı funksiyasını yerinə yetirmir. Alkoqol yuxuya getmə prosesini vizual olaraq sürətləndirsə də, metabolizasiya olunduqdan (parçalandıqdan) dərhal sonra insanın qəfil oyanmasına səbəb olur. "Nəticədə yuxunun keyfiyyəti kəskin şəkildə pisləşir", - deyə somnoloq vurğulayıb. Bundan əlavə, spirtli içkilər yuxu apnesi (yuxuda nəfəsin müvəqqəti kəsilməsi) olan insanların vəziyyətini daha da ağırlaşdırır. Mütəxəssis qeyd edir ki, alkoqol yuxunun sürətli fazasını (REM) pozaraq insanı qeyri-sağlam olan "alkoqol yuxusu"na məhkum edir. Bu isə o deməkdir ki, hətta kiçik dozalar belə gecə istirahətinə ciddi zərər vurur. Yuxu problemlərini həll etmək üçün Aleksandr Kalinkin ilk növbədə rejimə riayət etməyi tövsiyə edir. O bildirir ki, yalnız sistemli yanaşma, kofein tərkibli içkilərin məhdudlaşdırılması və fiziki aktivliyin artırılması yuxunu təbii yolla qaydaya sala bilər.
Mənbə
oxu.az