Dünya
Meksikada qlobal mafiyanın əsas fiquru ələ keçdi
Mexiko şəhərində Ekvadorun "Los Lobos" cinayətkar qruplaşmasının rəhbəri, "Lobo Menor" ləqəbli Xuan Karlos ələ keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik naziri Omar Qarsia Harfuş "X" sosial şəbəkəsində paylaşım edib. Nazir bildirib ki, saxlanılma əməliyyatı hüquq-mühafizə və miqrasiya orqanlarının beynəlxalq əməkdaşlığı sayəsində mümkün olub. İnterpolun "qırmızı bülleten"lə axtarışa verdiyi Xuan Karlos narkotik ticarəti və hədə-qorxu ilə tələb etmə kimi ağır cinayətlərdə ittiham olunur. O həmçinin Ekvadorun sabiq prezidentliyinə namizəd Fernando Vilyavisensionun qətlində əsas fiqurlardan biri hesab edilir. Qeyd edək ki, Meksikada kriminogen durum gərgin olaraq qalır. Fevralın 22-də "Yeni nəsil Xalisko" (CJNG) narkokartelinin lideri Ruben Nemesio Oseqera Servantesin ("El Menço") zərərsizləşdirilməsindən sonra ölkənin azı beş ştatında kütləvi iğtişaşlar baş vermişdi. Meksika Milli Müdafiə Nazirliyinin məlumatına görə, "El Menço" xüsusi əməliyyat zamanı ağır yaralanıb və paytaxt Mexikoya helikopterlə aparılarkən yolda ölüb.
Mənbə
oxu.az