Kriminal

Gəncədə məcburi köçkün ailəsinin evi kül oldu: "Ailəmlə birlikdə küçədə qalmışıq" - VİDEO

11 Mar 2026, 14:26 1 baxış
Gəncədə məcburi köçkün ailəsinin evi kül oldu: "Ailəmlə birlikdə küçədə qalmışıq" - VİDEO
Gəncə şəhərində məskunlaşmış məcburi köçkün ailəsinin yaşadığı evdə baş verən yanğın nəticəsində mənzil bütün əşyaları ilə birlikdə kül olub. Bununla bağlı Oxu.Az-a müraciət daxil olub. Kəlbəcər rayonunun Susuzluq kəndindən məcburi köçkün olan Lətif Sabir oğlu Yaqubov müraciətində bildirib ki, ailəsi hazırda Gəncə şəhərindəki 650 ailəlik yaşayış massivində müvəqqəti məskunlaşıb. Onun sözlərinə görə, 17 fevral 2026-cı il tarixində yaşadığı evdəki yanğın nəticəsində mənzil tamamilə yararsız hala düşüb.
"Ailəmlə birlikdə küçədə qalmışıq. Hazırda qonşuların evində sığınacaq tapmışıq. Aidiyyəti qurumlara məlumat versək də, bu günə qədər heç kim vəziyyətimizlə maraqlanmayıb və bizə köməklik göstərilməyib", - deyə o bildirib. Məcburi köçkün ailəsi qeyd edir ki, onsuz da çətin olan yaşayış şəraiti baş verən hadisədən sonra daha da ağırlaşıb və hazırda yaşayış üçün heç bir imkanları yoxdur. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Kəlbəcər Rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisə ilə əlaqədar əraziyə baxış keçirilib. Qurumdan qeyd olunub ki, yanğın zamanı xəsarət alan olmasa da, vətəndaşın evinə və məişət əşyalarına ziyan dəydiyi müəyyən edilib: "Bununla bağlı tərəfimizdən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat verilib. Bu gün - martın 11-də Lətif Sabir oğlu Yaqubovun həyat yoldaşı Kəlbəcər Rayon İcra Hakimiyyətində qəbulda olub. O, tələb olunan sənədlərin bir qismini təqdim etsə də, dəymiş ziyanın qiymətləndirilməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən yanğın aktını təqdim etməyib. Vətəndaşa izah edilib ki, qeyd olunan sənədlər təqdim edildikdən sonra tərəfimizdən və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq köməklik göstəriləcək". Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq vurğulanıb ki, qeyd edilən ünvanda yanğın baş verdikdən dərhal sonra komitənin aidiyyəti struktur bölməsinin əməkdaşları hadisə yerində olublar: "Müvafiq tədbirlər görülüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) rəyindən sonra müvafiq sənədləşmə aparılacaq və tədbir görüləcək". Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq vətəndaşa akt təqdim olunub. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər