Dünya
ABŞ Rumıniyada əlavə hərbi qüvvələr yerləşdirmək istəyir
ABŞ Rumıniya hökumətinə Yaxın Şərqdəki münaqişədə qarşıdakı dövrdə istifadə üçün bu ölkənin şərqindəki Mixail Koqelniçanu aviabazasında əlavə qüvvələr yerləşdirmək məqsədi ilə müraciət edib. Oxu.Az xəbər verir ki, bu barədə "Digi24" telekanalı özəl mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, söhbət əlavə qırıcıların və hərbi qulluqçuların yerləşdirilməsindən gedir. Lakin onların sayı açıqlanmır. Xəbərdə qeyd edilir ki, Rumıniya Prezidenti Nikuşor Dan məsələ ilə bağlı bu gün ölkənin Ali Müdafiə Şurasının iclasını çağıracaq. Toplantıda ölkədə ABŞ hərbi qüvvələrinin müvəqqəti yerləşdirilməsinin müzakirəsi aparılacaq. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə
oxu.az