Dünya

İran İsrail və ABŞ hədəflərinə ən irimiqyaslı hücumunu həyata keçirib - VİDEO

11 Mar 2026, 09:52 2 baxış
İran İsrail və ABŞ hədəflərinə ən irimiqyaslı hücumunu həyata keçirib - VİDEO
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və Yaxın Şərqdəki ABŞ bazalarına qarşı "Həqiqi vəd - 4" əməliyyatının son mərhələsində iki tonluq döyüş başlığı olan raket atıb. Oxu.Az-ın məlumatına görə, ordu qüvvələrinin bəyanatı İran dövlət televiziyası tərəfindən yayılıb. "Həqiqi vəd - 4" əməliyyatının 37-ci mərhələsində ABŞ mövqelərinə iki tonluq döyüş başlığı olan yeni "Xorrəmşəhr-4" raketləri ilə zərbələr endirdik", - deyə bəyanatda qeyd olunub. Martın 11-nə keçən gecə İranın İsrail ərazisini və regiondakı ABŞ hərbi obyektlərini bombalaması, münaqişənin gərginləşməsindən bu günə qədər İslam Respublikasının həyata keçirdiyi ən irimiqyaslı hücum olub. Oxu.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat verib.
"Dünən gecə həyata keçirilən "Həqiqi vəd - 4" əməliyyatının sonuncu - 37-ci dalğası İranın bölgədəki düşmən qüvvələrinə və obyektlərinə qarşı ən böyük əməliyyatı olub", - deyə televiziya kanalı bildirib. Xəbərə görə, raketlər və dronlarla həyata keçirilən hücumlar ən azı üç saat davam edib. Qeyd olunub ki, hücumların 37-ci dalğasında ağır "Xorrəmşəhr" raketlərindən istifadə edilib. Tel-Əviv yaxınlığındakı peyk rabitə mərkəzinə, Hayfa və Qərbi Qüdsdəki İsrail hərbi obyektlərinə hücum edildiyi bildirilib. Bundan əlavə, dövlət televiziyası Ərbil şəhərində və Küveytdə ABŞ bazaları da daxil olmaqla, çoxsaylı ABŞ hədəflərinin bombalandığını qeyd edib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər