Dünya

ABŞ-nin Bağdaddakı diplomatik binasına dron hücumu olub

11 Mar 2026, 08:52 2 baxış
ABŞ-nin Bağdaddakı diplomatik binasına dron hücumu olub
ABŞ-nin Bağdaddakı diplomatik binası pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. Bildirilib ki, martın 10-da hərbi baza və hava limanının yaxınlığında yerləşən Bağdad Diplomatik Dəstək Mərkəzinə ümumilikdə altı pilotsuz təyyarə hücum edib, onlardan beşi zərərsizləşdirilib. Qəzetdə qeyd olunub ki, PUA-lardan biri binaya düşüb. İtki barədə məlumat verilməyib. İraqın "Shafaq News" agentliyindən isə bildirilib ki, hərbçilər Bağdad hava limanı yaxınlığında "Viktoriya" hərbi bazasına doğru hərəkət edən üç dronu vurublar. Agentliyin xəbərinə görə, hava hücumundan müdafiə qüvvələrinin ələ keçirə bilmədiyi bir PUA hərbi obyektin yaxınlığına düşüb. ABŞ təhlükəsizlik rəsmisi hücumun İraqdakı İslam Müqaviməti döyüşçüləri tərəfindən törədildiyini bildirib. İraqın Müdafiə Nazirliyi isə hücumu pisləyib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər