Digər

"Apple" ən ucuz "iPhone"u təqdim etdi - QİYMƏT

03 Mar 2026, 04:42 2 baxış
"Apple" ən ucuz "iPhone"u təqdim etdi - QİYMƏT
"Apple" korporasiyası "iPhone 17e" modelini təqdim edib. Bu, brendin ən ucuz smartfonu hesab olunur. Oxu.Az bu barədə şirkətin rəsmi saytına istinadən xəbər verir. "iPhone 17e" modeli "iPhone 16e"nin birbaşa varisidir. Cihazın qiyməti dəyişməyib - 256 giqabaytlıq versiya üçün 599 dollar müəyyən edilib. Bu, ABŞ brendinin ən əlçatan smartfonudur və 699 dollara satılan "iPhone 16" modelindən daha ucuzdur. Yeni modelin təqdimatından sonra "Apple" "iPhone 16e"ni satışdan çıxarıb. Yeni smartfon A19 prosessoru, 8 giqabayt operativ yaddaş və "iPhone Air" modelində istifadə olunan yeni C1X modemlə təchiz edilib. Cihaz 60 hers yenilənmə tezliyinə malik 6,1 düymlük Super Retina XDR ekranla təklif olunur. Ekran yeni "Ceramic Shield 2" qoruyucu örtüyü ilə müdafiə edilir. Arxa paneldə ikiqat optik böyütmə imkanı olan 48 meqapiksellik "Fusion" kamera yerləşir. Sələfindən fərqli olaraq, "iPhone 17e" "MagSafe" maqnitli şarj texnologiyasını dəstəkləyir. Naqilli şarjın gücü 20 vatt, naqilsiz şarjın gücü isə 15 vatt təşkil edir. "Apple" həmçinin M4 prosessoru ilə təchiz olunan yeni "iPad Air" planşetini də təqdim edib. Qurğu 8 giqabayt operativ yaddaşa və əlavə "Apple N1" çipinə malikdir, "Wi-Fi 6E" texnologiyasını dəstəkləyir. 11 düymlük modelin qiyməti 599 dollar, 13 düymlük versiyanın qiyməti isə 799 dollar təşkil edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər