Kriminal
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən üç Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib, aralarında nazir müşaviri də var
Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Oxu.Az xəbər verir ki, xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, istintaq zamanı Rusiya Federasiyasının vətəndaşları - "Moskva 24" telekanalının aparıcısı, jurnalist İvan Knyazev, Rusiyada siyasi məsləhətçi və media eksperti kimi fəaliyyət göstərən Semyon Uralov, həmçinin televiziya jurnalisti və müxbiri, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində əsaslı şübhələr müəyyən edilib. Belə ki, həmin şəxslərin 14 iyul 2026-cı il tarixində "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsinə, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etdikləri müəyyən olunub. Bundan başqa, həmin şəxslərin avqustun 13-də eyni kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsinə, o cümlədən ayrı-ayrı şəxslərin fiziki məhvetmə təhlükəsi altında saxlanılmasına və ünvanlı şəkildə sıradan çıxarılmasına dair fikirlər səsləndirdikləri, bununla da terrorçuluğa açıq çağırışlar etdikləri müəyyənləşdirilib. Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqlarından barələrində axtarış elan edilib və məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazilərində müəyyən edilərək tutulması və Azərbaycan Respublikasına təhvil verilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilib. Bundan əlavə, onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb. Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edib ki, ölkənin suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən qanunsuz əməllərə qarşı milli qanunvericiliyin və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq qətiyyətli hüquqi tədbirlər bundan sonra da davam etdiriləcək.
Mənbə
oxu.az