Şou biznes
Xulio İqlesias İspaniyanın baş nazir müavinini məhkəməyə verib
Tanınmış ifaçı Xulio İqlesias İspaniyanın baş nazirinin müavini Yolanda Diasın onun barəsində səsləndirdiyi fikirlərlə bağlı məhkəməyə müraciət edib. Oxu.Az xəbər verir ki, bu barədə "El Mundo" qəzeti məlumat yayıb. İfaçı hökumət təmsilçisinin sosial şəbəkədə və televiziya müsahibəsində səsləndirdiyi açıqlamalardan imtina etməsini, həmçinin dəymiş zərərin ödənilməsini tələb edir. Əks halda, müdafiə tərəfi cinayət işinin başlanacağını bildirib. Söhbət iki sabiq əməkdaşın müğənnini cinsi təcavüz və zorakılıqda ittiham etməsi ilə bağlı paylaşımlardan gedir. Yolanda Dias həmin qadınların "köləlik şəraitində" saxlanıldığını iddia edib. Yanvar ayında yayılan məlumatlara görə, iki qadın 2021-ci ildə Dominikan Respublikası və Baham adalarında yerləşən malikanələrdə işlədikləri zaman təzyiq və zorakılığa məruz qaldıqlarını bildiriblər. Xulio İqlesias isə bu ittihamları qəti şəkildə yalan adlandırıb.
Mənbə
oxu.az