Dünya
Niderland Sülh Şurasında müşahidəçi statusunu saxlayacaq
Niderland ABŞ-nin təşəbbüsü ilə yaradılan Sülh Şurasında müşahidəçi kimi qalmaq niyyətindədir. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın yeni Baş naziri Rob Yetten açıqlama verib. "Biz Sülh Şurasında müşahidəçi qalmağa davam edəcəyik. Qəzza sakinlərinin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyirik. Anklavda tam və davamlı sülhün əldə edilməsinə töhfə vermək istəyirik", - deyə nazir bildirib. Donald Tramp yanvarın 16-da Qəzza zolağı üzrə Sülh Şurasının yaradılacağını elan edib. Şuranın yaradılması Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə birlikdə Trampın sülh planının bir hissəsidir. Növbəti gün Ağ Ev şuranın tərkibini açıqlayıb. Buraya ABŞ-nin dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner də daxil ediliblər. Hər bir üzv Qəzzada vəziyyətin sabitləşdirilməsi üçün müəyyən bir istiqamətə rəhbərlik edəcək. Bu istiqamətlərə idarəetmə potensialının gücləndirilməsi, regional əlaqələr, bərpa, investisiyaların cəlb edilməsi, genişmiqyaslı maliyyələşdirmə və kapitalın səfərbər edilməsi də daxildir. Yanvarın 22-də İsveçrənin Davos şəhərində Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi keçirilib. Sənəd Vaşinqtonun təşəbbüsünü dəstəkləyən dövlətlərin liderləri və nümayəndə heyətləri ilə birgə təsdiq edilib. Sülh Şurasının təkcə Qəzzadakı vəziyyətin sabitləşdirilməsi ilə deyil, həm də digər regionlarda münaqişələrin qarşısının alınması və həlli ilə məşğul olacağı güman edilir.
Mənbə
oxu.az