Dünya
Maqdalena Qrono: "Rəsmi Bakının Aİ-Ermənistan sənədindəki terminologiya ilə bağlı narahatlıqlarından xəbərdarıq"
"Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 9 dekabr 2025-ci il tarixində yayımladığı bəyanata uyğun olaraq, Azərbaycanın terminologiya ilə bağlı narahatlıqlarından xəbərdarıq". Oxu.Az xəbər verir ki, bunu APA-ya müsahibəsi zamanı Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono deyib. "Bu yaxınlarda Bakıya səfərim zamanı ötən ilin avqustunda Vaşinqtonda liderlərin tarixi görüşündən və orada əldə olunmuş razılaşmalardan sonra Ermənistan-Azərbaycan sülh prosesinə Avropa İttifaqının güclü və aydın dəstəyini bir daha təkrar etdim. Mən təsdiqlədim ki, sülh prosesinə və onun çərçivəsinə, o cümlədən Vaşinqton Sülh Sammitindən sonrakı mərhələdə göstərilən bu güclü dəstək Aİ-yə üzv olan 27 dövlətin, eləcə də qurumların birmənalı və qəti mövqeyidir. Müvafiq ikitərəfli sənədlərdə istifadə olunan heç bir ifadə və ya termin sülh prosesinə və onun əsas prinsiplərinə zidd kimi qəbul edilməməlidir", - Qrono bildirib. Onun sözlərinə görə, 2025-ci ilin avqust ayından etibarən bir sıra müsbət irəliləyişlər qeydə alınıb: "Bu gün bütün birgə səylərimizin mərkəzində məhz həmin proseslər dayanır. Bunlara Ermənistan-Azərbaycan sülh sazişinin tarixi paraflanması daxildir ki, bu da Azərbaycan-Ermənistan sülh prosesində və bütövlükdə regionda yeni bir dövrün başlanğıcını qoyub. Hər iki ölkə arasında ikitərəfli təmaslarda misli görünməmiş müsbət irəliləyişlərin şahidi olmuşuq, o cümlədən erməni rəsmilərinin Bakıya və Qəbələyə səfərləri, Azərbaycan ərazisi vasitəsilə Ermənistana malların tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, müəyyən ikitərəfli ticarətin başlanması, son dövrlərdə saxlanılan bəzi erməniəsilli şəxslərin azad edilməsi, eləcə də ekspert səviyyəsində davam edən təmaslar, birgə səfərlər və s. Avropa İttifaqı bütün bu addımları alqışlayıb və eyni zamanda, iki ölkə arasında xüsusilə humanitar xarakterli əlavə müsbət addımlara dəstəyini davam etdirməkdə qətiyyətli olduğunu açıq şəkildə ifadə edib. Ümid edirik ki, bütün qalan mübahisəli məsələlər, o cümlədən humanitar xarakter daşıyan məsələlər iki ölkənin davam etdirdiyi hərtərəfli danışıqlar çərçivəsində həll olunacaq".
Mənbə
oxu.az