Dünya
İran XİN-dən ABŞ ilə mümkün razılaşmanın mətninin hazırlanmasına dair açıqlama
İranın Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai ABŞ ilə mümkün razılaşma üzrə mətnin hazırlanmasına dair yayılan xəbərləri şərh edib. Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Bəqai keçirdiyi brifinqdə danışıb. Bəqainin sözlərinə görə, Vaşinqtonla müvəqqəti sazişin bağlanması ehtimalı ilə bağlı iddiaların heç bir əsası yoxdur. O vurğulayıb ki, tərəflər hazırda ideyaların formalaşdırılması prosesindədirlər. "Biz indi öz nöqteyi-nəzərimizlə bağlı hazırlıq mərhələsindəyik", - deyə İsmayıl Bəqai qeyd edib. O həmçinin əlavə edib ki, Tehran nəticənin əldə edilməsi imkanını gördüyü müddətcə diplomatik variantları yoxlamağa davam edəcək. Xatırladaq ki, Tehran və Vaşinqton arasında İranın nüvə dosyesi ilə bağlı danışıqlar sonuncu dəfə fevralın 17-də Omanın Cenevrədəki diplomatik nümayəndəliyində baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Ağ Ev rəhbərinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik ediblər. Əraqçı danışıqları konstruktiv və ciddi adlandırıb. Onun sözlərinə görə, tərəflər əsas prinsipləri hazırlaya biliblər və onların əsasında sazişə dair işlər aparılacaq.
Mənbə
oxu.az