Dünya
Böyük Britaniyadan olan milyonçu Tailandda müəmmalı şəkildə həlak olub
Böyük Britaniyanın ASOS onlayn pərakəndə satış şirkətinin həmtəsisçisi Kventin Qriffits Tailandda çoxmərtəbəli binanın eyvanından yıxılaraq həlak olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib. "Fövqəladə xidmətlər milyonçunun cəsədini onun Pattayadakı mənzilinin eyvanının altında aşkar ediblər. Zabitlər mənzilə soxulma əlamətlərinin olmadığını bildiriblər, lakin məhkəmə-tibbi ekspertiza başa çatana qədər zorakı ölüm ehtimalını da istisna etmirlər", - deyə məlumatda qeyd edilib. Nəşrin məlumatına görə, ölümün dəqiq səbəbi meyitin yarılması sonra müəyyən ediləcək ki, bu da bir neçə ay çəkə bilər. Qeyd edilir ki, faciə Qriffitsin keçmiş həyat yoldaşı ilə davam edən mübahisəsi fonunda baş verib. Qadın milyonçunu torpaq və biznes səhmlərinin satışı zamanı sənədləri saxtalaşdırmaqda ittiham edib. Qriffits ittihamları rədd edib və dindirildikdən sonra azadlığa buraxılıb. Kventin Qriffits 2000-ci ildə ASOS-un həmtəsisçilərindən biri olub və 2005-ci ilə qədər şirkətdə çalışıb. Daha sonra o, səhmlərinin bir hissəsini sataraq milyonlarla funt sterlinq qazanıb, daha sonra isə Tailanda köçüb. Onun üç övladı qalıb.
Mənbə
oxu.az