Mədəniyyət

Azərbaycanda ən çox ziyarət edilən muzeylər açıqlanıb

13 Feb 2026, 13:26 1 baxış
Azərbaycanda ən çox ziyarət edilən muzeylər açıqlanıb
Media Təhlil Mərkəzi (MTM) tərəfindən həyata keçirilən rəy sorğusu vətəndaşların muzeylərə olan yanaşmasında maraqlı məqamları üzə çıxarıb. Oxu.Az Təhlil.az-a istinadən xəbər verir ki, rəyi soruşulanların 72.6 faizi muzeylərə ciddi maraq göstərdiyini qeyd edib. Bu rəqəm sübut edir ki, muzeylər artıq sadəcə "tarixi qoruyan sakit məkanlar" statusundan çıxıb. Cəmiyyət bu məkanları bilik mənbəyi, düşüncə mərkəzi və kimliyin formalaşdığı canlı platformalar kimi qəbul edir. İnformasiya bolluğu dövründə insanların daha dəqiq, etibarlı və kontekstli məlumatlara ehtiyac duyması bu marağı artıran əsas amillərdəndir. Sorğunun yekunlarına əsasən, iştirakçıların 77.2%-i tarixyönümlü muzeylərə, 61.2%-i isə incəsənət muzeylərinə daha çox üz tutur. Bu tərcihlərin arxasında konkret səbəblər dayanır. Tarix muzeyləri milli yaddaşı möhkəmləndirir, milli kimliyi güclü saxlayır və keçmişlə körpü yaradır. İncəsənət muzeyləri isə estetik zövqü oxşayır, emosional ehtiyacları ödəyir və mədəni ifadə tərzini inkişaf etdirir. Ziyarətçi sayına görə liderlik edən məkanlar arasında Milli Azərbaycan Tarixi Muzeyi, Milli İncəsənət Muzeyi, Xalça Muzeyi və müxtəlif ev-muzeyləri ön sıradadır. Bu göstərici onu nümayiş etdirir ki, auditoriya, əsasən, tanınmış və etimad qazanmış mədəniyyət ocaqlarına üstünlük verir. Sorğu iştirakçılarının 60%-i paytaxt Bakını, 40%-i isə bölgələri təmsil edib. Bakı sakinlərinin üstünlük təşkil etməsi mədəni infrastrukturun və tədbirlərin əsasən mərkəzdə toplanması ilə əlaqələndirilir. Lakin regionlardan olan iştirakçıların aktivliyi onu göstərir ki, muzeylərə maraq yalnız coğrafi baxımdan paytaxtla məhdudlaşmır. Respondentlərin qənaətinə görə, muzeylərə diqqəti artırmaq üçün gənclər və şagirdlərə yönəlmiş xüsusi layihələrin həyata keçirilməsi, sosial media vasitəsilə aktiv təbliğat və interaktiv sərgilərin təşkili ən səmərəli yollardır. Araşdırma, həmçinin göstərir ki, audiobələdçilər və interaktiv ekranlardan istifadə səviyyəsi qənaətbəxş olsa da, virtual turlar və mobil tətbiqlər hələ o qədər də populyar deyil. Bu sahə muzeylərin inkişafı üçün potensial imkanlar yaradır. Rəqəmsal yeniliklər, xüsusilə gənc auditoriya və regionlarda yaşayan insanlar üçün muzey təcrübəsini daha əlçatan edə bilər. İştirakçıların 64.1%-i muzeylərlə bağlı məlumatları sosial şəbəkələr üzərindən aldığını vurğulayıb. Bu fakt ictimai rəyin formalaşmasında rəqəmsal platformaların rolunun artdığını açıq şəkildə təsdiqləyir. Muzeylər üçün bu amil təkcə reklam vasitəsi yox, həm də hekayə anlatmaq və auditoriya ilə davamlı əlaqə qurmaq üçün bir fürsətdir. Ümumilikdə, sorğu nəticələri sübut edir ki, əhalinin muzeylərə marağı yüksək səviyyədədir və bu maraq ciddi sosial-mədəni köklərə malikdir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər