Dünya
Avropada maye təbii qazın idxalı kəskin artdı
Yanvar ayında Avropada maye təbii qazın (LNG) idxalı üzrə rekord göstərici qeydə alınıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, terminallardan Avropa İttifaqının (Aİ) qaz nəqli sisteminə ötürülən LNG-nin həcmi 12.7 milyard kubmetr olub. Bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 22 faiz artım deməkdir. Avropa Qaz Nəqli Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatına əsasən, LNG Avropanın qaz təchizatında 27.7 faiz payla ikinci yerdə qərarlaşıb. Birinci yeri yeraltı qaz anbarlarından götürülən yanacaq tutur. Üçüncü yerdə isə, əsasən, Norveçdən olmaqla Şimal dənizindən tədarük olunan qaz yer alıb. Qaz idxalının 5.1 faizi Şimali Afrikanın payına düşür. Qeyd edək ki, yanvarın 30-da "Bloomberg" Aİ-də ABŞ-dən idxal olunan LNG-dən asılılıqla bağlı narahatlıqların artdığını yazıb. Aİ-nin energetika məsələləri üzrə komissarı Dan Yörgensen bildirib ki, bu asılılıq ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları fonunda risklər yaradır.
Mənbə
oxu.az