Dünya
ABŞ Konqresinə yekun hesabat təqdim edildi: "Epşteyn işi"ndə yeni mərhələ
ABŞ Ədliyyə Nazirliyi pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynə aid dosyedəki bütün sənədlərin açıqlanmasını başa çatdırdığını bəyan edib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Mətbuat konfransında çıxış edən ABŞ ədliyyə nazirinin müavini Todd Blanşın sözlərinə görə, bu iş üzrə yekun hesabat ABŞ Konqresinə təqdim edildikdən sonra departamentin "Epşteyn dosyesi" ilə bağlı sənədləri açıqlamaq öhdəliyi tam yerinə yetirilmiş sayılacaq. O bildirib ki, Ədliyyə Nazirliyi üq milyon səhifədən çox sənəd, iki mindən artıq video və 180 min fotoşəkil dərc edib. Todd Blanş qeyd edib ki, Epşteynin köməkçisi Gisleyn Maksvell istisna olmaqla, materiallarda təsvir olunan bütün qadınların üzləri gizlədilib. Nazir müavini əlavə edib ki, foto və videomateriallarda heç bir kişinin üzü gizlədilməyib: "Ceffri Epşteyn haqqında gizlətdiyimiz heç bir məxfi sənəd yoxdur",. Qeyd edək ki, Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatında hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorların məlumatına görə, 2002-2005-ci illər arasında onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qız gətirilib, onların arasında ən kiçiyinin 14 yaşı olub. Epşteynin dost və tanışları arasında təkcə ABŞ-dən deyil, digər ölkələrdən də keçmiş dövlət başçıları daxil olmaqla çoxsaylı hazırkı və sabiq məmurlar, tanınmış biznes liderləri və şou-biznes nümayəndələri yer alıb. C.Epşteyn 2019-cu ilin avqustunda həbsxana kamerasında ölü tapılıb.
Mənbə
oxu.az