Dünya
KİV: ABŞ Ukraynaya təxminən 250 milyon dollarlıq enerji yardımını dayandırıb
ABŞ əvvəllər Ukraynaya vəd etdiyi təxminən 250 milyon dollarlıq enerji yardımının ayrılmasını faktiki olaraq dayandırıb. Oxu.Az xəbər verir ki, məlumat "Reuters" agentliyi tərəfindən yayımlanıb. Bildirilir ki, vəsait Kiyevin mayeləşdirilmiş təbii qaz alması və zərər görmüş enerji infrastrukturunu bərpa etməsi üçün nəzərdə tutulub. Ləğv edilmiş ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Konqresə hələ prezident Co Baydenin administrasiyası dövründə bu vəsaitlərin ən azı bir hissəsini Ukraynaya ayırmaq niyyəti barədə məlumat vermişdi. Lakin hələ də heç bir addım atılmayıb. Vaşinqton administrasiyasının bəzi rəsmiləri ABŞ Dövlət Departamentinin bu vəsaitləri ayırmasında israr edir. Digərləri isə hesab edirlər ki, məsələ hökumət tərəfindən idarə olunan Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (IDFC) tərəfindən həll olunmalıdır. Eyni zamanda, Ağ Evin İdarəetmə və Büdcə Ofisi (OMB) keçmiş Bayden administrasiyası tərəfindən Kiyevə ayrılan enerji yardımı vəsaitlərinin sui-istifadə halları ilə bağlı xəbərdarlıq edib.
Mənbə
oxu.az