Dünya
İsrail yaxın zamanda "Rəfah" nəzarət-keçid məntəqəsini açacaq
Qəzza zolağının Misirlə sərhədindəki "Rəfah" nəzarət-keçid məntəqəsi fevralın 1-də açılacaq. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərinin Koordinasiyası İdarəsi (COGAT) məlumat verib. "Atəşkəs razılaşmasına və İsrail siyasi rəhbərliyinin göstərişinə uyğun olaraq, "Rəfah" nəzarət-keçid məntəqəsi gələn bazar günü, fevralın 1-də hər iki istiqamətdə, yalnız insanların məhdud hərəkəti üçün açılacaq", - deyə məlumatda bildirilib. Qurum qeyd edib ki, bu sərhəd-keçid məntəqəsi vasitəsilə Qəzza zolağına giriş və çıxışa Misirlə koordinasiyalı şəkildə, İsrail təhlükəsizlik xidmətləri tərəfindən ilkin yoxlamadan sonra və Avropa İttifaqı missiyasının nəzarəti altında icazə veriləcək. COGAT xatırladılıb ki, "Rəfah" nəzarət-keçid məntəqəsi sonuncu dəfə 2025-ci ilin yanvarında açıldığı zaman da oxşar mexanizm işlək olub. İdarə vurğulayıb ki, Qəzzaya giriş yalnız döyüşlər zamanı anklavı tərk edən yerli sakinlərə və yalnız İsrailin əvvəlcədən təsdiqindən sonra icazə veriləcək. "Avropa İttifaqı missiyası tərəfindən "Rəfah" nəzarət-keçid məntəqəsində həyata keçirilən ilkin identifikasiya və yoxlamaya əlavə olaraq, İsrail Müdafiə Qüvvələri tərəfindən nəzarət edilən ərazidə, Müdafiə Nazirliyinin yurisdiksiyası altında təyin olunmuş dəhlizdə əlavə yoxlama və identifikasiya proseduru da aparılacaq", - deyə məlumatda qeyd edilib.
Mənbə
oxu.az