Siyasət
Prezidentdən Şahin Bağırovla bağlı sərəncam
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırov "gömrük xidməti general-polkovniki" ali xüsusi rütbəsinə layiq görülüb. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub. O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb. 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb və Bakı Baş Gömrük İdarəsinin inspektoru, "Əli-Bayramlı" gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının Gömrük işi fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib. 2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni alıb. 2014-cü ilin yanvar ayından Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb. Həmin ilin fevralın 3-də Prezidentin müvafiq sərəncamı ilə ona "gömrük xidməti general-leytenantı" rütbəsi verilib. 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini vəzifəsindən azad edilib. 18 iyul 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib, eyni zamanda, ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib. 14 fevral 2023-cü ildə DGK-nın sədri vəzifəsinə təyin edilib.
Mənbə
oxu.az