Dünya
Beynəlxalq agentlik Suriyada potensial nüvə obyektlərinə çıxış əldə etməyə çalışır
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) 2026-cı ilə qədər Suriyada nüvə silahlarının hazırlanmasında istifadəsi iddia olunan obyektlərə çıxış əldə edəcəyini proqnozlaşdırır. Oxu.Az xəbər verir ki, agentliyin rəhbəri Rafael Qrossi bunu Birləşmiş Ərəb Əmirliklərinin "The National" qəzetinə verdiyi müsahibədə bildirib. 2018-ci ildə İsrail ordusu etiraf edib ki, 2007-ci ildə Suriyanın şimal-şərqindəki Deyr əz-Zor şəhərində gizli nüvə reaktorunun yerləşdiyi ehtimal olunan obyekti bombalayıblar. Reaktorun o vaxtlar inkişafın son mərhələsində olduğu bildirilib. İndi BAEA yoxlamalar üçün əraziyə qayıtmaq istəyir. "Məlum olduğu kimi, əvvəlki hökumət dövründə nüvə silahlarının inkişafı ilə əlaqəli ola biləcək tədbirlər görülüb. Bu, hərbi qrupların fəaliyyət göstərdiyi təhlükəli bir mühitdə nüvə silahlarının yayılması üçün potensial mənbə ola bilər", - deyə Qrossi diqqətə çatdırıb. Agentlik sədri Suriyanın yeni hakimiyyətinin məsələyə dair cavabını konstruktiv adlandırıb. O, ötən il Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaara ilə birlikdə mümkün nüvə proqramı obyektlərindən birinə baş çəkdiyini xatırladıb: "Bu, cari ildə də bizim əsas vəzifələrimizdən biri olacaq".
Mənbə
oxu.az