Cəmiyyət

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

03 Oct 2026, 22:51 3 baxış
Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışına yalnız siyasi partiyanın növbəti mərhələdə qarşısında duran vəzifələrin təqdimatı kimi baxmaq bu nitqin miqyasını tam əhatə etməz. Dövlət başçısı hərbi təhlükəsizlikdən iqtisadi müstəqilliyə, xarici siyasətdən ideoloji təhlükəsizliyə, sosial rifahdan Qarabağ və Şərqi Zəngəzurun bərpasına qədər müxtəlif istiqamətləri vahid strateji məntiq daxilində təqdim edir.


Bu məntiqi Azərbaycanın milli inkişaf və təhlükəsizlik doktrinasının konturları kimi oxumaq mümkündür. Prezident qarşıdakı dövr üçün strateji əhəmiyyət daşıyan əsas istiqamətləri təqdim edir.


Bu istiqamətlərin ortaq məxrəcini isə bir anlayışla ifadə etmək mümkündür: Güc.


Söhbət yalnız hərbi gücdən getmir. Yeni mərhələnin dövlət gücü hərbi qüdrət, iqtisadi və maliyyə müstəqilliyi, siyasi iradə, diplomatik manevr imkanları, enerji və nəqliyyat potensialı, sosial dayanıqlıq, milli özünüdərk və informasiya-ideoloji müqavimət qabiliyyətinin məcmusudur.


“Biz güclü olmalıyıq” - yeni dövrün əsas prinsipi


Prezidentin çıxışının təhlükəsizlik hissəsində səslənən ən mühüm mesajlardan biri Azərbaycanın hərbi gücünü artırmaqda davam etməsinin zəruriliyidir. Dövlət başçısı bunu təkcə Ermənistanla münasibətlər kontekstində deyil, Azərbaycanın ətrafında dəyişən təhlükəsizlik mühiti ilə əsaslandırır.


Şimalda, Cənubda və Yaxın Şərqdə davam edən müharibələr, yeni münaqişə ocaqlarının yaranması və beynəlxalq hüququn effektivliyinin zəifləməsi şəraitində təhlükəsizliyin əvvəlki mexanizmlərlə təmin olunacağına arxalanmaq getdikcə çətinləşir. Bu baxımdan, çıxışdakı güc anlayışının mühüm funksiyası çəkindirmə strategiyadır: dövlət elə imkanlara sahib olmalıdır ki, ona qarşı hərbi təxribatın mümkün nəticələri əvvəlcədən nəzərə alınsın. 2027-ci ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyard manat vəsaitin nəzərdə tutulması bu, geosiyasi zərurətdən qaynaqlanır. Prezident də bu reallıq fonunda müdafiə qabiliyyətini digər inkişaf layihələrinin təhlükəsizlik şərti kimi təqdim edir.


Bu, inkişafla təhlükəsizlik arasında birbaşa əlaqənin qurulması deməkdir: təhlükəsizlik inkişafın alternativi deyil, inkişafın təminatıdır.


- Yollar, şəhərlər, sənaye, sosial proqramlar, investisiyalar və böyük quruculuq layihələri yalnız onları qorumaq imkanına malik dövlət üçün uzunmüddətli məna daşıyır.


Müstəqil xarici siyasət: gücün siyasi ifadəsi


Doktrinal xəttin ikinci sütunu siyasi müstəqillikdir. Prezident çıxışında Azərbaycanın heç bir düşərgəyə qoşulmaq niyyətində olmadığını bildirir və xarici siyasətin bundan sonra yalnız müdafiəyönümlü deyil, daha fəal olmasının vacibliyini vurğulayır. Eyni zamanda, Azərbaycanın müxtəlif və bəzən bir-biri ilə rəqabət aparan güc mərkəzləri ilə münasibətlər qurması xüsusi qeyd edilir.


Burada diqqətçəkən məqam budur: müstəqillik artıq yalnız “başqasından asılı olmamaq” anlayışı ilə məhdudlaşmır. Yeni yanaşmada müstəqillik öz gündəliyini müəyyən etmək qabiliyyətidir. Yəni dövlət yalnız xarici təsirlərə müqavimət göstərən subyekt deyil, regional və beynəlxalq proseslərdə təşəbbüs irəli sürən, tərəfdaşlarını özü seçən və müxtəlif güc mərkəzləri ilə münasibətlərində milli maraqlarını əsas götürən aktor olmağa çalışır. Bu mənada hərbi güclə diplomatik imkan arasında da qarşılıqlı əlaqə yaranır. İqtisadi cəhətdən asılı, təhlükəsizliyini başqa dövlətin təminatına həvalə edən ölkənin xarici siyasətdə tam sərbəst manevr imkanları məhduddur.


Prezidentin təqdim etdiyi modeldə isə hərbi, iqtisadi və siyasi müstəqillik bir-birini tamamlayan elementlərdir.


İqtisadi müstəqillik: siyasi suverenliyin maddi bazası


Dövlət başçsı iqtisadi və maliyyə göstəricilərinə xüsusilə diqqət çəkir, Azərbaycanın xarici borcunun ÜDM-in 5,6 faizini təşkil etdiyini, valyuta ehtiyatlarının 90 milyard dollara çatdığını bildirir. Eyni zamanda, ölkəyə investisiyaların cəlb edilməsi, enerji hasilatının genişləndirilməsi və tranzit imkanlarının artırılması qarşıdakı dövrün mühüm istiqamətləri kimi müəyyən edilir. Çünki iqtisadi dayanıqlıq yalnız rifah məsələsi deyil, dövlət suverenliyinin resurs bazasıdır.


Bu yanaşmanın tarixi məntiqi var. Prezident çıxışında əvvəlki inkişaf xəttini müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkənin öz imkanlarından maksimum istifadə etməsi prinsipləri ilə ümumiləşdirir. Başqa sözlə, iqtisadi müstəqillik siyasi qərarların sərbəstliyini təmin edən amillərdən biri kimi götürülür. Lakin yeni mərhələdə iqtisadi gücün məzmunu genişlənir. Söhbət təkcə maliyyə ehtiyatlarından deyil, Azərbaycanın enerji istehsalçısı, tranzit ölkə, investisiya məkanı və regional iqtisadi mərkəz kimi imkanlarının artırılmasından gedir.


Enerji və nəqliyyat: iqtisadiyyatdan geosiyasətə


Prezident enerji təhlükəsizliyini milli təhlükəsizliklə birbaşa əlaqələndirir. Azərbaycanın neft, qaz, elektrik enerjisi və digər enerji məhsullarının istehsalçısı və ixracatçısı olması qlobal qeyri-müəyyənlik şəraitində ölkənin geosiyasi əhəmiyyətini artıran amildir. Eyni yanaşma nəqliyyat dəhlizlərinə də aiddir. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin artırılması yalnız iqtisadi gəlir demək deyil. Orta Dəhliz və Şimal-Cənub kimi marşrutların əhəmiyyətinin yüksəlməsi Azərbaycanı daha geniş iqtisadi coğrafiyanın zəruri halqalarından birinə çevirməyə xidmət edir.


Burada yeni təhlükəsizlik anlayışının başqa bir xüsusiyyəti ortaya çıxır: təhlükəsizlik yalnız sərhədi qorumaq deyil, ölkəni regional sistem üçün əhəmiyyətli etməkdir.


Böyük Qayıdış: ərazi bütövlüyündən həyatın bərpasına


Yeni mərhələnin digər mühüm istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra dövlət siyasətinin ağırlıq mərkəzi həmin ərazilərdə həyatın, iqtisadiyyatın və sosial mühitin yenidən qurulmasına keçir.


Prezident çıxışında Qarabağ və Şərqi Zəngəzurda 96 min insanın yaşadığını, işlədiyini və təhsil aldığını, bölgələrin inkişafına indiyədək 28 milyard manat ayrıldığını və keçmiş məcburi köçkünlərin 48 yaşayış məntəqəsində məskunlaşdığını bildirib. “Böyük Qayıdış”ın növbəti illərdə daha sürətlə davam edəcəyini qeyd edib.


Bu, Böyük Qayıdış təhlükəsizlik konsepsiyasının sosial və demoqrafik ölçüsünü meydana çıxarır. Torpağın azad olunması suverenliyin bir mərhələsidirsə, həmin ərazidə daimi həyatın qurulması, insanların geri dönməsi, iqtisadi fəaliyyətin yaranması və regionun ölkənin ümumi inkişaf sisteminə inteqrasiyası suverenliyin möhkəmləndirilməsinin növbəti mərhələsidir.


Sosial rifah: milli dayanıqlığın tərkib hissəsi


Çıxışın mühüm xüsusiyyətlərindən biri hərbi xərclərlə sosial siyasətin qarşı-qarşıya qoyulmamasıdır. Prezident minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin artırılması barədə göstəriş verildiyini açıqlayır və xalqın rifahının yüksəldilməsini davamlı siyasət kimi təqdim edir.


Bu yanaşmada sosial rifah yalnız sosial siyasətin predmeti deyil. Güclü iqtisadiyyat güclü ordunu maliyyələşdirir; təhlükəsiz dövlət investisiya cəlb edir; investisiya iqtisadi fəallıq və iş yerləri yaradır; sosial rifah isə cəmiyyətin dayanıqlığını möhkəmləndirir...


Beləliklə, güclü dövlət, güclü iqtisadiyyat, sosial rifah, dayanıqlı cəmiyyət arasında qarşılıqlı bağlılıq yaranır.


Yeni anlayış: ideoloji təhlükəsizlik


Prezidentin çıxışında ayrıca diqqət çəkən və gələcək ictimai müzakirələr üçün geniş mövzu açan istiqamət ideoloji təhlükəsizliklə bağlıdır. Dövlət başçısı ideoloji təhlükəsizliyi fiziki təhlükəsizlik qədər əhəmiyyətli adlandırır və internet, kiberhücumlar və süni intellekt dövründə ideoloji risklərin sərhəd tanımadığını bildirir. Bu, təhlükəsizlik anlayışının klassik sərhədlərinin genişləndirilməsidir.


XX əsrin təhlükəsizlik modeli əsasən ərazi, ordu və dövlət sərhədləri üzərində qurulmuşdursa, XXI əsrdə informasiya məkanı da rəqabət meydanına çevrilib. İnformasiyanın saniyələr ərzində milyonlarla insana çatdığı, saxta məlumatların süni intellekt vasitəsilə hazırlanmasının asanlaşdığı şəraitdə cəmiyyətin informasiya savadlılığı və manipulyativ məzmunu tanımaq qabiliyyəti milli dayanıqlığın elementinə çevrilir.


Prezident bu kontekstdə iki əsas vasitəni önə çəkir: təhsil və vətənpərvərlik.


Burada media üçün də ayrıca müzakirə sahəsi yaranır. Xaricdən yayımlanan azərbaycandilli resursların hamısını avtomatik olaraq eyni kateqoriyada qiymətləndirmək əvəzinə, konkret məzmunun mənbə, fakt, maliyyələşmə, manipulyasiya üsulları və dezinformasiya əlamətləri əsasında araşdırılması media savadlılığı baxımından daha ölçülə bilən yanaşma ola bilər.


Gənclərin şüuru uğrunda rəqabət


Prezident çıxışında xaricdə yaradılan bəzi azərbaycandilli informasiya resurslarının məqsədləri barədə sərt fikirlər səsləndirir və onların bir hissəsinin Azərbaycan cəmiyyətinə, xüsusilə gənclərə təsir göstərməyə yönəldiyini bildirir. Bu tezis gələcək media müzakirələrinin ən mühüm istiqamətlərindən biri kimi qeyd edilməlidir. Çünki müasir dövrdə ideoloji rəqabətin əsas auditoriyalarından biri gənclərdir. Burada məsələ yalnız hansı məlumatın yayılması deyil. Daha mühüm sual zənnimizcə, budur: gənclər hansı məlumat mənbəyinə və nə üçün inanır?


Əgər informasiya təhlükəsizliyi yalnız qadağa və müdafiə məntiqi ilə qurularsa, sürətlə dəyişən rəqəmsal mühitdə onun effektivliyi məhdud qala bilər. Alternativ yanaşma gənclərin özünün dezinformasiyanı tanıya bilməsi, mənbəni yoxlaması, arqumentlə manipulyasiyanı fərqləndirməsi və milli kimliyini müasir dünya ilə ziddiyyətə salmadan dərk etməsi üçün intellektual baza yaratmaqdır.


Buna görə ideoloji təhlükəsizliyin ən dayanıqlı mexanizmlərindən biri savadlı və tənqidi düşünən vətəndaşdır.


Şablon təbliğatdan müasir kommunikasiyaya


Prezidentin ideoloji işlə bağlı səsləndirdiyi fikirlər media üçün xüsusi əhəmiyyət daşıyır. Çıxışda şablonlardan və formal xarakter daşıyan tədbirlərdən uzaqlaşmaq, yeni və müasir ideoloji iş metodlarına keçmək çağırışı edilir. Prezident eyni zamanda reallıqların hər bir vətəndaşa çatdırılmasının vacibliyini bildirir.


Bu tezisin media müstəvisində ən mühüm mesajı odur ki, müasir auditoriya ilə kommunikasiya yalnız şüar üzərində qurula bilməz. Rəqəm, fakt, müqayisə, reportaj, insan hekayəsi, ekspert təhlili, açıq suallar, vizual məlumatlar və rəqəmsal platformalara uyğun təqdimat getdikcə daha vacib olur.


- Əgər Böyük Qayıdışdan danışılırsa, yalnız rəqəmləri deyil, geri dönmüş insanın həyatını göstərmək lazımdır.


- Əgər iqtisadi müstəqillikdən danışılırsa, xarici borcun, valyuta ehtiyatlarının və investisiyaların adi vətəndaş üçün nə ifadə etdiyini izah etmək lazımdır.


- Əgər ideoloji təhlükəsizlikdən danışılırsa, dezinformasiyanın konkret mexanizmlərini araşdırmaq lazımdır.


- Əgər hərbi gücdən danışılırsa, XXI əsrin ordusunun texnologiya, pilotsuz sistemlər, süni intellekt, müdafiə sənayesi və peşəkar insan kapitalı ilə əlaqəsini izah etmək lazımdır.


Belə yanaşma dövlət siyasəti haqqında kommunikasiyanı şüardan fakt və izaha keçirə bilər.


Yeni Azərbaycan modeli necə görünür?


Prezident İlham Əliyevin Qurultaydakı çıxışında səslənən fikirləri dörd əsas anlayışı önə çıxır: güclü, müstəqil, dayanıqlı və özünəgüvənli dövlət.


Dövlət özünü müdafiə edə bildiyi üçün güclüdür, qərarlarını kənar siyasi mərkəzlərin iradəsinə bağlamadığı üçün müstəqildir, iqtisadi, maliyyə, enerji, sosial və informasiya risklərinə qarşı müqavimət imkanları yaratdığı üçün dayanıqlıdır, gələcəyini yalnız xarici təminatlarda deyil, ilk növbədə öz potensialında gördüyü üçün özünəgüvənlidir.


Bu mənada YAP-ın VIII Qurultayındakı çıxışın siyasi əhəmiyyəti yalnız qarşıdakı vəzifələrin sadalanmasında deyil. Nitqdə təhlükəsizlik anlayışı hərbi çərçivədən çıxaraq iqtisadiyyat, diplomatiya, enerji, nəqliyyat, sosial siyasət, təhsil, informasiya mühiti və milli özünüdərki əhatə edən geniş anlayışa çevrilir. Bu yanaşmanı milli inkişafla milli təhlükəsizliyin vahid sistemə çevrilməsi kimi xarakterizə etmək mümkündür.


Azərbaycanın qarşısında duran yeni mərhələnin əsas sualı artıq yalnız “necə inkişaf etməliyik?” deyil. Mühüm suallar yaranır: əldə olunan inkişaf necə qorunacaq, iqtisadi imkanlar siyasi müstəqilliyə necə çevriləcək, regional dəyişikliklər fonunda dövlətin manevr imkanları necə genişləndiriləcək, yeni nəsil informasiya müharibələrinə necə hazırlanacaq və azad edilmiş ərazilərdə qurulan həyat necə uzunmüddətli inkişaf məkanına çevriləcək?


Prezidentin qurultaydakı çıxışını konseptual edən də məhz bu suallara ayrı-ayrı deyil, vahid dövlətçilik məntiqindən cavab axtarılmasıdır. Bu məntiqin mərkəzində isə sadə, lakin strateji məna daşıyan bir prinsip dayanır: Azərbaycan öz təhlükəsizliyini, inkişafını və gələcəyini təmin edə biləcək qədər güclü olmalıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər