Siyasət
Azərbaycan nümayəndə heyəti təyyarə qəzasında həlak olmuş türkiyəli hərbçi Cüneyt Kandemirin ailəsini ziyarət edib
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Silahlı Qüvvələrin general-mayoru Zaur Zeynalov Türkiyəyə məxsus "C-130" hərbi yük təyyarəsinin Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğraması nəticəsində həlak olmuş baş leytenant Cüneyt Kandemirin ailəsini ziyarət edib. Oxu.Az xəbər verir ki, bu barədə səfir Rəşad Məmmədov "X" sosial şəbəkə hesabında yazıb. "Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" tipli hərbi yük təyyarəsinin Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğraması nəticəsində şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu, baş leytenant Cüneyt Kandemirin əziz xatirəsini yad etmək və kədərli ailəsinin acısını paylaşmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi, general-mayor Zaur Zeynalov və Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri ilə birlikdə təziyə ziyarəti həyata keçirdik. Ziyarət zamanı şəhidimizin dəyərli ailəsi ilə yaxından maraqlandıq, ən səmimi başsağlığı diləklərimizi çatdırdıq, iki qardaş ölkənin həmrəyliyi və tale birliyi vurğulandı. Şəhidimizin ruhuna "Fatihə" surəsi oxundu, daha sonra Azərbaycan bayrağı bir vəfa nişanəsi olaraq şəhidimizin möhtərəm atasına təqdim edildi," - deyə paylaşımda bildirilir. Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az