Digər
Şakiranın Bakıda başlayan və Maputuda davam edən Azərbaycan dili sevgisi
Şakira İsufu (Chaquira Issufo) 30 yaşındadır. Mozambikin paytaxtı Maputuda yaşayır. Amma danışmağa başlayanda sanki min kilometrlərlə uzaqda deyil, Bakının hansısa məhəlləsində böyüdüyü təsəvvürü yaranır. Oxu.Az-a müsahibəsində Azərbaycan dilində səlis, aydın və sevgi ilə danışan Şakira dilimizin onun üçün sadəcə ünsiyyət vasitəsi deyil, həm də xoş bir xatirə olduğunu vurğulayıb. Şakira ilə tanışlığımız "TikTok"dan başlayıb. Onun Azərbaycan dilində çəkdiyi videolar qısa zamanda onunla rastlaşan hər bir azərbaycanlının marağına səbəb olub və belə bir sual yaradıb: Görəsən Mozambikdə yaşayan Şakira dilimizi harada və necə öyrənib?
Yaxşı ki, müasir texnologiyalar uzağı da bir anda yaxın edə bilir. Şakira ilə "WhatsApp" üzərindən və həm də görüntülü zənglə danışmaq istəyirəm. İstəyimi geri çevirmir. Qucağındakı körpəsini yedirə-yedirə söhbətə başlayırıq. - Şakira, siz "TikTok"da Azərbaycan dilində videolar çəkib paylaşırsınız və dilimizdə çox səlis danışırsınız. Azərbaycan dilini harada və necə öyrənmisiniz? - Azərbaycan dilini elə Azərbaycanda öyrənmişəm (gülür). - Belə başa düşürəm ki, Azərbaycanda yaşamısınız. - Bəli. 2012-ci ildə Azərbaycanda təhsil almaq üçün təqaüd qazanmışdım. Qafqaz Universitetində (hazırkı Bakı Mühəndislik Universiteti - red.) biznesin idarə edilməsi ixtisası üzrə oxumuşam. Bakıda yaşadığım müddətdə də Azərbaycan dilini öyrəndim. - Demək, tələbəlik sizə həm də Azərbaycan dilini qazandırıb.
- Aha. (gülür). Tələbə vaxtı yataqxanada qalırdım, müxtəlif ölkələrdən gələn tələbələrlə bir yerdə yaşayırdıq. Azərbaycan dilini öyrəndikcə sevdim. Sizin dildə desəm, çox şirin gəlirdi bu dil mənə. Çox sevmişdim. - Azərbaycan dilində çox aydın və təmiz danışırsınız. Neçə il Bakıda yaşamısınız ki? - 2012-ci ildə gəlmişdim, 2018-ci ildə təhsilimi bitirib Mozambikə qayıtdım. - Sonradan yenidən Azərbaycana gəlmisinizmi? - Xeyr, hələ ki gələ bilməmişəm (gülür). - Maraqlıdır ki, bu qədər uzaqdasınız, bu dildə demək olar ünsiyyətiniz yoxdur, amma dilinizi unutmamısınız. - Aha. "TikTok"da səhifə açdım ki, danışım, yadımdan çıxmasın. Üstəlik, Azərbaycanda çoxlu dostlarım var, onlarla daim danışıram, yazışıram. Bilmirəm niyə, amma bu dili çox sevirəm. - Şakira xanım, ailəlisiniz. Ailənizi Mozambikdə qurmusunuz, yoxsa Azərbaycanda? - Mozambikdə ailə qurmuşam. Dörd ildir evliyəm, üç övladım var. Böyüyü üç, ortancıl iki yaşındadır, ən kiçiyi isə ikiaylıqdır.
- Biznesin idarə edilməsi ixtisası üzrə təhsil almısınız. Hazırda Mozambikdə bizneslə məşğulsunuz? - Xeyr. Hazırda müəllim işləyirəm, ingilis dili müəllimiyəm. Bakıya qayıtdıqdan sonra müəllimlik üzrə də təhsil aldım və indi bu sahədə çalışıram. -Uzaq Mozambikdən Qafqaz Universitetinə, Azərbaycana gəlməyiniz necə baş verdi? - Açığı, o vaxt Azərbaycan haqqında çox az məlumatım var idi. Bizim orta məktəbdə bir müəllim var idi, o da vaxtilə Qafqaz Universitetində oxumuşdu və universitetə məktub göndərmişdi. Daha sonra mənə təqaüd ayrıldı və Bakıya gəldim. - Bakıda yaşadığınız illərdə Mozambikə gedib-gəlirdiniz, yoxsa yalnız təhsil bitəndən sonra qayıtdınız? - İlk iki il fasiləsiz Bakıda qaldım. Sonra Mozambikə gəldim, 2-3 aydan sonra yenidən Bakıya qayıtdım və yalnız təhsilimi bitirəndə birdəfəlik geri döndüm. - Azərbaycan mətbəxindən ən çox sevdiyiniz yeməklər hansılardır? - Birinci növbədə ləvəngini çox sevirəm, özü də lap çox (gülür). Təəssüf ki, burada yoxdur. Sonra "üç bacı dolması". Bir də… Adı nə idi? İndi xatırlayacağam, dayanın… (düşünür) Hə, hə, tapdım, piti deyirdiniz deyəsən adına. Şəkidə yemişəm, çox ləzzətlidir. - Bəs şirniyyatlarımız? - Şirniyyatlarınız da çox dadlıdır. Ən çox paxlavanı sevirdim. - Şəkərbura, qoğal necə? - Onlar da yaxşıdır, amma mənim üçün ən dadlısı paxlava idi. - Şəkidən başqa hansı rayonlarımızda olmusunuz? - Şəki, Quba, Gəncə… Bir yer də var idi, amma indi adı yadıma düşmür. - Azərbaycan üçün darıxdığınız olurmu? - Əlbəttə. Bəzən lap çox darıxıram. - Ən çox nəyə görə darıxırsınız? - İnsanlarınıza və havanıza görə. Siz çox qonaqpərvərsiniz, hamıya isti münasibət göstərirsiniz. Sizi sevməmək mümkün deyil. (gülür) Havanız da fərqlidir. Bizdə nə qış, nə də yay sizdəki kimi olur. Qar, soyuq yoxdur, sanki həmişə yaydır (gülür). - Həyat yoldaşınız nə işlə məşğuldur? - Bizneslə.
- Yəqin ki, ona da Azərbaycan haqqında danışırsınız. Yenidən Azərbaycana səfər etmək arzunuz varmı? - Bəli, çox danışmışam. Onun da böyük marağı var. Planımız var ki, gələn il birlikdə gələk. Uşaqlarla bir az çətindir, amma çox istəyirəm yenidən Bakını görüm, gəzim. - Demək ki, çox darıxırsınız… - Hə, lap çox. Yoldaşıma demişəm ki, gedək heç olmasa 1-2 ay qalaq, doyunca gəzək. İstəyirəm hər yeri görsün, yeməklərinizdən yesin. Arada deyirəm ki, oranın insanlarını görsən, yeməklərini yesən, qorxuram qayıtmaq istəməyəsən (gülür). - Nə gözəl. Xoş gəlirsiniz. - Çox sağ olun. Sizdə necə deyirdilər - xoş günlərə gələk… (gülür) Əzizə İsmayılova

Mənbə
oxu.az