Dünya

Ankara yaxınlığında qəzaya uğramış Liviya komandanlığının heyətini daşıyan təyyarənin "qara qutu"su tapıldı

24 Dec 2025, 13:00 1 baxış
Ankara yaxınlığında qəzaya uğramış Liviya komandanlığının heyətini daşıyan təyyarənin "qara qutu"su tapıldı
Türkiyə xilasediciləri göyərtəsində Liviya Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın olduğu və Ankara yaxınlığında qəzaya uğramış təyyarənin uçuş məlumatlarını qeydə alan cihazı tapıblar. Oxu.Az-ın bu barədə təftiş heyəti ilə qəza yerinə baxış keçirən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "TRT Haber" telekanalının efirində məlumat verib. Nazirin məlumatına görə, "qara qutu" çərşənbə günü yerli vaxtla saat 2:45-də (Bakı vaxtı ilə saat 3:45 - red.) tapılıb. "Hərtərəfli araşdırma aparılır və nəticələri tezliklə məlum olacaq", - deyə Ali Yerlikaya bildirib. Nazirin sözlərinə görə, "Falcon 50" təyyarəsi çərşənbə axşamı yerli vaxtla saat 20:17-də (Bakı vaxtı ilə saat 21:17 - red.) Ankaranın Esenboğa hava limanından Tripoliyə yola düşüb. Saat 20:32-də ekipaj göyərtədə fövqəladə vəziyyət barədə məlumat verib və hava limanına qayıtdığını bildirib. Təyyarə ilə əlaqə saat 20:36-da kəsilib. Təyyarənin qalıqları saat 22:00-da Ankara əyalətinin Haymana rayonunda aşkar edilib. Eyni zamanda, "CNN Turk" xəbər verir ki, Ankarada qəzaya uğrayan təyyarənin ekipajı Fransa vətəndaşlarından ibarət olub. "Təyyarənin göyərtəsində hərbi nümayəndə heyətinin beş və ekipajın üç üzvü olub ki, onların hamısı Fransa vətəndaşı olub", - deyə məlumatda qeyd edilib. Xatırladaq ki, ötən gecə "Falcon 50" tipli təyyarə bort sistemlərində ciddi nasazlıq səbəbindən Ankara yaxınlığında qəzaya uğrayıb. Liviya Ordusunun Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əl-Həddad, Quru Qoşunlarının Baş Qərargah rəisi, general-leytenant Əl-Fituri Qəribil, Hərbi İstehsalat İdarəsinin rəisi, briqada generalı Mahmud Əl-Katavi, Liviya Ordusunun Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əl-Əsəvi Diab və Baş Qərargah rəisinin media ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub Ankaraya rəsmi səfərdən qayıdarkən baş verən faciəli təyyarə qəzasında həlak olublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər