Dünya
İsveçdə yaxın qohumlar arasında nikah qadağan olunacaq
İsveç hökuməti əmi, dayı, xala, bibi uşaqları arasında nikahı qadağan edən və krallıqdan kənarda bağlanan belə nikahları tanımayan qanun layihəsi hazırlayıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin məlumatında deyilir. Təşəbbüs namusla bağlı təqiblərə, eləcə də nikah zamanı tətbiq oluna biləcək digər təzyiq və ya məcburiyyət formalarına qarşı mübarizə aparmaq məqsədi daşıyır. "Cəmiyyətimizdə namusa söykənən zorakılıq və təzyiq qəbuledilməzdir. Sıfır dözümlülükdən danışmaq asandır, amma bu, qanunvericilikdə də öz əksini tapmalıdır. Xüsusilə namus anlayışı ilə bağlı mühitdə yaşayan qadın və qızların müdafiəsi həm cinayət, həm də mülki qanunlarda gücləndirilməlidir. Qohum-əqrəba nikahına qadağa qoyulması hər kəsin öz həyatını təmin etmək üçün mühüm tədbirdir", - deyə Ədliyyə Naziri Qunnar Stryommerdən press-relizdə sitat gətirilib. Mətndə, həmçinin qeyd olunub ki, qızlar və qadınlar üçün "qohum nikahı" namusla təzyiq, eləcə də sosial təcrid və qohumluğa əsaslanan əlaqəli strukturların, o cümlədən cinayət strukturlarının möhkəmlənməsi riskini daşıyır. Hökumət qanun layihəsində birinci dərəcəli qohumlardan başqa digər yaxın qohumlar arasında da nikahın qadağan edilməsini nəzərdə tutur. Qanuna görə, ögey qardaşlar və övladlığa götürülmüş bacı-qardaşlar bir-biri ilə nikaha girmək üçün icazə ala bilməyəcəklər. Yeni qanunun 2026-cı il iyulun 1-dən qüvvəyə minməsi gözlənilir.
Mənbə
oxu.az