Dünya
Fransanın cənubunda ən yüksək qırmızı təhlükə səviyyəsi elan edildi
Fransanın cənubundakı Ero departamentində daşqınlar səbəbindən ən yüksək (qırmızı) hava təhlükəsi səviyyəsi elan edilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Meteo France" milli hava xidməti "X" hesabında məlumat verib. "Ero departamentində daşqınlar səbəbindən qırmızı təhlükə səviyyəsi elan edilib, digər bir neçə cənub departamentlərində isə ikinci ən yüksək (narıncı) hava təhlükəsi səviyyəsi xəbərdarlığı verilib", - deyə məlumatda bildirilib. Hava xidməti bölgə sakinlərini avtomobillərdən istifadə etməməyə və evlərindən çıxmamağa çağırıb. Eroda təxminən 1000 ev elektriksiz qalıb ki, bunların yarısı departamentin inzibati paytaxtında - Monpelyedə yerləşir. Monpelye hava limanında daşqınlar səbəbindən fasilələr yaranıb və uçuşlar Marselə yönləndirilir.
Mənbə
oxu.az