Dünya

Göz məşqləri görmə qabiliyyətini bərpa edə bilərmi?

20 Dec 2025, 04:40 1 baxış
Göz məşqləri görmə qabiliyyətini bərpa edə bilərmi?
Çoxları göz üçün gimnastikanın görmə qabiliyyətini bərpa edə biləcəyinə inansa da, əslində mütəxəssislər bunun doğru fikir olmadığını bildirirlər. Oxu.Az Gazeta.ru-ya istinadla xəbər verir ki, Rusiya Piroqov Universitetinin Nesterov adına Oftalmologiya kafedrasının dosenti Angelina Kazantseva belə məşqlərin görmə qabiliyyətinin itməsinə səbəb olan amilləri aradan qaldırmadığını bildirib. "Görmə ilə bağlı bütün əsas problemlər - uzağı görməmə (miopiya), yaxını görməmə (hiperopiya), astiqmatizm - gözün anatomiyası ilə əlaqəlidir. Göz - məşq vasitəsilə arzu olunan formaya qədər inkişaf etdirilə biləcək əzələ deyil, buna görə də onun optik vəziyyətini dəyişdirmək qeyri-mümkündür. Çünki məşqlə gözü cavanlaşdırmaq olmaz", - deyə həkim izah edib. Üstəlik, göz məşqi hətta təhlükəli də ola bilər, çünki bəzən insanlar gimnastikanın möcüzəvi təsirinə güvənərək həkimə getməyi təxirə salırlar ki, bu da vəziyyəti daha da ağırlaşdırır. Bununla belə, A.Kazantseva qeyd edib ki, göz üçün məşqlərin müalicəvi deyil, astenopiya (göz yorğunluğu) simptomlarının qarşısının alınmasında və aradan qaldırılmasında rolu ola bilər. Uzun müddət yaxın obyektlərə (ekran və ya kitab) baxdığımız zaman göz xarici və göz daxili əzələlər daim gərgin vəziyyətdə olur. Bu, narahatlıq, baş ağrısı, gözdə qıcıqlanma hissi və bulanıq görmə ilə nəticələnə bilər. Əksər göz məşqləri qan dövranını yaxşılaşdırmağa, quru göz sindromunun qarşısını almağa və akkomodasiya spazmını ("yalançı miopiya") aradan qaldırmağa kömək edir. Həkimin sözlərinə görə, ən təsirli göz istirahəti uzağa, məsələn, pəncərədən çölə baxmaqdır. Mütəxəssis gözlə bağlı ciddi diaqnozu olanlara (yüksək miopiya, torlu qişanın zədələnməsi, qlaukoma) intensiv məşqlərə başlamazdan əvvəl həkimə müraciət etməyi məsləhət görüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər