Cəmiyyət
Gecə bombalanan qatarın biletsiz sərnişinləri
2022-ci ilin mart ayı idi. Redaksiyadan tapşırıq verilmişdi, Kiyevdən çıxa biləcəyim təqdirdə Ukraynanın Avropa Birliyi ölkələri ilə sərhədinə gedib, oradakı qaçqın keçidi məntəqələrindən reportajlar hazırlamalı idim. Ümumiyyətlə, gözlənilməz müharibənin başladığı bu iki həftədə, hadisələrin miqyası o qədər sürətlə böyüyürdü ki, təkcə paytaxtla məhdudlaşmaq olmurdu. Kiyev də daxil, Ukraynanın şərqindən və mərkəzindən axın edən qaçqın axını əsasən Polşa, Macarıstan, Slovakiya, Sloveniya, Moldova və Rumıniya ilə sərhədlərə doğru hərəkət edirdi. Həmin gün yerli informasiya saytlarında Kiyevdən ölkənin qərbə tərəf olan yollarında qaçqınların, avtomobil karvanlarının getdiyini görən kimi, həmin istiqamətə getmək qərarına gəldim. Gün ərzində Kiyevdən yeddinci və ya səkkizinci canlı informasiya ötürülməsini bitirib, yol hazırlığımı görəndən sonra dəmiryol vağzalına tərəf üz tutdum. Təbii ki piyada getməli oldum, çünki, şəhərdə nəinki taksilər işləmirdi, ümumiyyətlə bütün ictimai nəqliyyat dayanmışdı. Hətta küçədə atılmış avtobuslara, tramvaylara rast gəlmək mümkün idi. Metrolar da yalnız sığınacaq kimi istifadə olunurdu. Fasiləsiz çəkilişlərin yaratdığı yuxusuzluq və yorğunluğa baxmayaraq, sürətli addımlarla, komendant saatı başlamamış vağzala çatmaq istəyirdim. Şəhərə girən diversantlarla baş verən döyüşlər isə adi hal almışdı, ətrafdan atışma səsləri gəlirdi. Elə bu zaman, yeri-göyü silkələyən ardıcıl partlayışlar eşidildi. Tez üzü üstə yıxıldım. Ətrafdakı adamlar bağırmağa başladılar. Nə baş verdiyini anlamasam da, əllərimi başımın arxasına sıxıb, uzandığım yerdən qalxmağa tələsmədim. Bir qədər sonra qalxmaq istəyəndə yenidən zərbələr endirildi. Cəld sürünüb yaxınlıqdakı divarın arxasına keçdim. Nə baş verdiyini ayırd etmək üçün mobil telefonda sosial şəbəkələrə baxmağa başladım. Yerli teleqram kanallarında müxtəlif həyəcanlı xəbərlər yayılmışdı, bəziləri Rusiya ordusunun atıq şəhərə girdiyini, bəziləri isə Kiyevə çox sayda qırıcı təyyarələrin hücum etdiyini yazırdı. Bu zaman Kiyevlə qonşu olan Çerniqov şəhərindəki həmyerlim Sadiq dayı zəng etdi. Sadiq dayı əvvəllər prokuror, məhkəmə sədri işləmişdi, yaşadığı regionda hörmətli şəxslərdən idi. Mənim harada olduğumu soruşan kimi həyəcanla qışqırmağa başladı: "Mübariz, Kiyevdə kimə əlin çatırsa, de ki, şəhəri təcili tərk etsinlər! Bu gecə orada qan su yerinə axacaq!" - dedi və telefonu söndürdü. Gözlərimi yumub, dərindən nəfəs aldım. Həyəcandan əlimdəki telefonu möhkəm sıxmışdım. Havanın soyuq olmasına baxmayaraq, oturduğum divarın dibindən tərpənmirdim. Gözlərimi açıb başımı yuxarı qaldırdım. Səması açıq olsa da, pulemyot, avtomat, minaatanların izləri gecəni işıqlandırırdı. Gözümü zilləyib donub qalmışdım... Öz-özümə "Kimə zəng edim, kimə nə deyim", - deyə düşünürdüm. Artıq bir həftə idi ki, Kiyevdə tanıdığım azərbaycanlıların demək olar ki, hamısı getmişdi. Səfirliyin qalan əməkdaşları da çoxdan Lvova köçmüşdülər. Tək qalmışdım. Birdən səmada gözümə bir ulduz dəydi. İriləşib kiçilirdi, sanki mənə siqnal verirdi. Yaşadığım hadisənin şokundan ayılan kimi, ayağa qalxıb dağılmış əşyalarımı toplayıb vağzala doğru tələsdim. Vağzalın yanına çatanda orada da eyni vəziyyət idi - ərazi raket zərbələrinə məruz qalmışdı. Ümumiyyətlə Kiyevin 20-25 kilometrliyinə qədər gəlib çıxan Rusiya ordusu şəhəri yaxınmənzilli raketlərlə mütəmadi vururdu. Onsuz da qaçqın axınından neçə gündür çalxalanan Kiyev vağzalı bu zərbələrdən sonra qaynar qazana dönmüşdü. Adamların arasından çətinliklə də olsa, keçib perrona yaxınlaşdım. Artıq çoxdan idi bilet satışı və yaxud qatarların qrafiklə hərəkəti unudulmuşdu. Vağzal işçilərinin də çoxu öz iş yerlərini tərk eləmişdilər. Kim hansı qatarı tapırdısa, yaxud yer görürdüsə minməyə çalışırdı. Qatarların hamısı bir istiqamətə - qərbə doğru gedirdi. Perronda olan qatarın hərəkətə gəldiyini görüb, özümü saldım vaqonlardan birinə. İçəridəki adamlardan öyrəndim ki, qatar Ujqoroda qədər gedir. Vaqonun dəhlizlərində adam əlindən tərpənmək mümkün deyildi. Zakarpatiya vilayəti - Ukraynanın Macarıstan və Slovakiya ilə sərhədidir. "Lap yerinə düşdü" - deyə, bələdçi yerini boş görüb özümü ora atdım. Bələdçi Svetlananın sərnişinlərə başı qarışdığından məni narahat eləmədi. Qatar relslərinin səsi altında mürgüləyib, yuxuya getmişdim. Elə yuxuda da bu səsləri eşidirdim. Bilmirəm nə qədər yatmışdım, birdən ardıcıl partlayışlar eşitdim. Yorğunluqdan yuxudan ayıla bilmirdim. Nə baş verdiyini anlamırdım, elə zənn etdim ki, eşitdiyim qatar səsləridir. Bir az keçdi, daha bir neçə partlayış baş verdi. Səsə diksindim. Gördüm qatar dayanıb, vaqonda da təkəm. Tez kupedən çıxıb dəhlizə boylandım, heç kim yox idi. Pəncərədən bayıra boylandım, qatar düzənlikdə dayanmışdı. Həzin də qar yağırdı. Vaqondakı, digər kupelər də boş idi. Vaqonda tək qalmışdım. Tez vaqonun çıxışına tərəf qaçdım, qapılar da açıq idi. Bayırda bir az aralıda bir neçə yer tüstülənirdi. Ara-sıra ətrafdan artilleriya səsləri gəlirdi. Səhər saat 6 idi. Qatarın getdiyi istiqamət tüstülənirdi, dəmir yoluna mərmi düşmüşdü. Anladım ki, yolu vurublar, qatar dayanıb, hamı vaqondan qaçıb uzaqlaşıb. Qonşu vaqonlarda olan bir neçə adam çaş-baş vəziyyətdə düşüb, qaçırdı. Hiss olunurdu ki, onlar da mənim kimi yatıb qalanlardı. Geri qayıtdım, vaqondan çantamı götürüb əks istiqamətə - uzaqdan görünən kəndə doğru yola düşdüm. Tərslikdən telefonun enerjisi də bitmək üzrə idi. Üstümdə də cəmi min qrivin (təxminən 25 manat) olardı. Qar da getdikcə şiddətlənirdi. Ən çox ehtiyat etdiyim diverisya qrupu ilə qarşılaşmaq idi, bir də ukraynalı hərbçilərin məni diversantlarla səhv salıb güllələməsi. Təxminən 2-3 kilometr gedib kəndə yaxınlaşdım. Həyətlərdə itlərin səsi gəlirdi. Amma kimsə gözə dəymirdi. Kəndə girib əsas yolla addımlayırdım ki, bir qoca kişi qarşıma çıxdı. Məni görəndə qaçmaq istədi. Dayanmasını xahiş elədim, yolumu itirdiyimi bildirib, kömək istədim. - Bura haradır? - İvankivka kəndi. - Haradır? Ukraynanın hansı vilayətidir? Mən jurnalistəm, getdiyimiz qatarın yolunu vurublar, azmışam - deyib, cibimdən vəsiqələrimi çıxarıb ona göstərdim. Qoca bir az rahatlayandan sonra dedi: - Jitomir vilayətidir. Amma buradan artıq Vinnitsa vilayəti başlayır. Burada çox qalmayın - deyib, uzaqlaşdı. Artıq təxminən harada olduğunu anladım. Amma dəqiq bildiyim o oldu ki, bura Belarusla sərhədin cəmi yüz kilometrliyindədir. Yəni nəinki hava zərbələrinin intensiv olduğu yer, həm də istənilən vaxt Rusiya ordusunun peyda olacağı ərazilərdir. Çünki Kiyev və Jitomir vilayətlərinin bir hissəsini həmin vaxt Rusiya ordusu qonşu Belarusdan keçib tutmuşdu. Qalan yerləri də elə oradan vururdular. Kənd çox böyük deyildi. Təqribi olaraq Vinnitsaya doğru hərəkət eləməyə başladım. Tərslikdən bərk yağan qar hər yanı ağ rəngə bürümüşdü. İstiqaməti təyin edə bilmirdim. Telefonumun şarjı çoxdan bitmişdi. Düşündüm ki, yəqin məni indi efirə informasiya bağlantısı üçün axtarırlar. İki meşənin arası ilə yola çıxdım. Nə olur olsun, buranı keçməliydim. Çünki burada düşüb qalmaq ölümə bərabər idi. Yol kənarında qarşıma evlər çıxdı. İşıqları yanırdı. Evlərdən birinin qarşısına çatıb kiçik həyət qapısı qarşısındakı üstünü qar basmış oturacağı təmizləyib ora çökdüm. Oturub arxaya söykənib gözümü yumdum. Gözümün qarşısına Azərbaycan, ailəm, oğlum gəlməyə başladı. Sanki onlarla danışırdım. Bir xeyli belə davam etdi. - Ey! Eşitmirsən? Kimsən sən? Qalx görüm! Yuxuya getmişdim, hövlnak ayıldım, gözümü açan kimi qarşımda 15-16 yaşlarında bir sarışın oğlan, yanında da yaşlı bir qadın var idi. Ukrayna dilində danışırdılar Tez özümə gəlib başıma gələnləri qısa izah etdim. Pasportumu və vəsiqələrimi çıxarıb göstərdim. Yeniyetmə yaşına yaraşmayan hərəkətlə sənədlərimi alıb baxdı, nənə deyə müraciət etdiyi yanındakı qadına dodaqaltı nəsə izah etdi. Daha çox pasporta baxırdılar. Qadın Azərbaycan deyə təkrar edərək gülümsədi. Qolumdan tutub həyətə, oradan da evə saldılar. Bura onların həyətinin qarşısı imiş. Sanki bayaq məni sorğu-sual edən nənə-nəvə deyildilər. Elə bil ailə üzvlərindən biri idim. Əl-ayağa düşdülər. İsti sobanın yanında oturdum çəkmələrimi, gödəkçəmi çıxardım, isti su gətirdilər. Oğlan ayağımdan tutmuş əlimə qədər yudu. Qadın balaca otaqdakı masanı düzəldirdi. Ara-sıra da müharibədən, bura necə düşməyimdən danışırdıq. Qadının adı Tatyana, nəvəsi isə Boqdan idi. Ata anasından ayrılan Boqdan, tək yaşayan ata nənəsinin yanına gəlib burada yaşayırdı. Özü Jitomir şəhərindəndir. Gecəni orada qaldım. Yaxşı isti yeməyə və qorilkaya (yerli çəkmə Ukrayna arağı) qonaq etdilər. Telefonumun şarjını doldurdum. Artıq gün ərzində məni axtaran ailəmə və iş yerimə cavab verə bildim. Yaxınlıqdakı Vinnitsa şəhərindən tanış həmyerlim Əliş ilə əlaqə yaradıb yerimi dedim. Səhər tezdən gəlib məni götürəcəyini bildirdi. Səhər ayrılanda nənə və nəvəyə dərin təşəkkür elədim. Tatyana sağollaşanda dedi ki, - "Sən mənim Kamalımın yerlisisən. O mənim ərim olub. Həm də tək və son. Bu oğlan da elə onun da nəvəsidir. Amma babasını görə bilməyib. Azərbaycanlılar isti və ürəkli adamlardırlar. Özünüzü qoruyun. Bir də bilmədiyiniz qatara minməyin", - deyə ardını gülərək davam etdi. Nənə və nəvəni bərk-bərk qucaqlayaraq, artıq məni gözləyən Əlişin maşınına doğru getdim. Mübariz Aslanov
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az