İqtisadiyyat

İqtisadi artım, inflyasiya və xarici ticarət: 2025-ci il necə yadda qaldı?

16 Dec 2025, 09:08 1 baxış
İqtisadi artım, inflyasiya və xarici ticarət: 2025-ci il necə yadda qaldı?
Pərviz Heydərov yazır... Cari il başa çatmaq üzrə olduğundan ilin yekunları maraq doğurur. İl ərzində makroiqtisadi sabitlik qorunub saxlanıldığından bir sıra hədəf və proqnozlar özünü demək olar, doğruldub. Ancaq makroiqtisadi sabitlik məhz xarici təsir və təzyiqlərin olmaması səbəbindən qorunub saxlanıldığından bu çox da, qaneedici və təsəlliverici faktor sayılmır. Odur ki, bu yazıda ən çox il ərzində müşahidə edilən mənfi tendensiya və proseslərə toxunmaq istəyirəm. Bunun üçünsə ilin son 11 ayının, - yanvar-noyabrın nəticələrinə diqqət yetirmək kifayətdir. Çünki bunlar, mümkün dərəcədə növbəti ilə daşınmalı deyil. Söhbət ÜDM istehsalı tempindən, inflyasiya, xarici ticarət dövriyyəsi göstəricilərindən gedir. Əsas hesabat ilk növbədə sözsüz ki, iqtisadiyyatda artımla əlaqədar göstərici ilə bağlıdır. Bəri başdan qeyd edim ki, bu il ölkədə iqtisadi artım zəif xarakter daşıdı. Və bu, özünü ilin əvvəlindən göstərməyə başladı. İlin ortasına doğru isə vəziyyət nisbətən düzəldi. Lakin problem köklü və dərin xarakter daşıdığından vəziyyət əvvəlki kimi yenə kövrək əhəmiyyət kəsb etməkdə davam etdi və edir.
2025-ci ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 116.3 milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1.6% çox ÜDM istehsal edilib ki, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 1.8% azalmış, qeyri-neft-qazda isə 3.2% artıb. Cari ilin yanvar-noyabrında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 57 milyard 500 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.1% az deməkdir. Neft-qazda məhsul istehsalı 2.1% azalıb, qeyri-neft-qaz sektorunda isə 4.8% artıb. Sözün qısası, cari ildə də ölkədə iqtisadi tənəzzülü ört-basdır edən məhz qeyri-neft-qaz sektoru oldu ki, ölkədə qeyri-neft sektoru iqtisadi artımda artıq, bir müddətdir bu cür hərəkətverici qüvvə rolunda çıxış edir. Bu da ondan irəli gəlir ki, neft hasilatı enir və neftin qiyməti əvvəlki səviyyədə deyil və olmayacaq da... Qazla bağlı vəziyyət isə stabil xarakter daşımır. Azərbaycanda isə ÜDM-in həcmi bu sahəyə bağlıdır. Ona görə də əslində, ciddi narahatlığa əsas var. Belə bir fonda iqtisadiyyatın təhlükəsizliyi üçün mühüm elementlərdən olan məsələn, xarici ticarət dövriyyəsinin azalması və inflyasiyanın sürətlənməyə meyil göstərməsi kimi amillər isə ciddi təhdid xarakter daşıya bilər və daşıyır da... Misal üçün, inflyasiya... 2025-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.7%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6.9 faiz, qeyri-qida malları üzrə 2.6%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrəsə 6.6% təşkil edib. İlin ilk yarısının yekunlarına dair yazdığım yazıda qeyd etmişdim ki, ölkədə iyun ayının yekununa əsasən istehlak qiymətləri indeksinin illik səviyyəsi nəinki sabit qalıb, cüzi də olsa aşağı düşüb. Belə ki, ilin mayında qeyd olunan göstərici keçən ilin eyni ayına nisbətən 106.3% təşkil etmişdisə, iyunda 106%-ə bərabər olub. İl başlayandan isə bu rəqəm hər ay artırdı. Söhbət illik inflyasiya səviyyəsindən gedir. Bu göstərici yanvarda 5.4%, fevralda 5.5%, martda 5.9%, apreldə və mayda isə 6.3% olmaqla yalnız, mayın yekununa görə sabit qalmışdı. İllik inflyasiya səviyyəsinin 0.3% azalmasını, orta illik inflyasiyanın isə sabit qalmasını onunla izah etmişdim ki, ötən illə müqayisədə, əslində inflyasiya yenə yüksəkdir. 2018-2021-ci illər ərzində ölkə üzrə qiymət artımı səviyyəsi 10%-i keçmədiyi halda, 2022-ci ildə bu rəqəm birdən-birə 14%-ə yaxınlaşmış, 2023-cü ildə 8.8%, ötən il isə 5%-ə yaxın təşkil etmişdi. Yəni, ötən iki il ərzində - 2023-2024-cü illərdə bu proses zəifləmişdi. Lakin, yuxarıda da qeyd etdiyim kimi, bu ilin əvvəlindən sözügedən temp yenidən artdı - özü də iqtisadi artımın zəif tendensiyası fonunda... Bu çox, ciddi faktordur. Yeri gəlmişkən, cari ilin iyulunda İllik inflyasiya 5%, avqustda 5.6%, sentyabrda 5.7%, oktyabrdasa 5.9% təşkil edib. Nəzərə çatdırım ki, iyul, avqust, sentyabr və oktyabr aylarında ölkədə ÜDM istehsalı həcmi isə müvafiq olaraq 0.9%, 1%, 1.3% və eyni tempdə təşkil edib. Xarici ticarət dövriyyəsinə gəldikdə isə, Dövlət Statistika Komitəsinə istinadən bu ilin yanvar-oktyabr aylarında gömrük rəsmiləşdirilməsi hələ tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-oktyabrında ölkənin xarici ticarət dövriyyəsi 39 milyard 913.9 milyon dollar olub. Bunun 20 milyard 688.7 milyon dollarını və ya 51.8%-ni ixrac olunan məhsullar, 19 225.2 milyon dollarını və ya 48.2%-ni isə idxal məhsulları təşkil edib. Nəticədə xarici ticarətdə 1 milyard 463.5 milyon dollar məbləğində müsbət saldo yaranıb ki, 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3.9% artmış, real ifadədə isə 7.9 faiz azalıb. Həmin dövrdə idxal real ifadədə 7.9%, ixrac isə 7.8% enib. Xarici ticarət dövriyyəsi 2023-cü ildən etibarən azalmağa başlayıb. Bu, niyə baş verir? Həmişə yazmışam ki, səbəb təkcə neft-qaz sektoruna aid deyil, qeyri-neft-qaz məhsulları ixracının və dəyərinin azalması da bunda az rol oynamır. Halbuki, yuxarıda da qeyd etdim ki, ölkə iqtisadiyyatında artım, ən çox qeyri neft-qaz sektoru hesabına baş verir. Hökumət tərəfindən cari il üçün real ÜDM artımının 3% olacağı gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər