Siyasət

Elçin Əmirbəyov: "Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir"

13 Dec 2025, 18:32 1 baxış
Elçin Əmirbəyov: "Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir"
"Zəngəzur dəhlizi çoxşaxəli və genişmiqyaslı nəqliyyat layihəsidir". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Vaşinqtonda bu ilin avqustunda keçirilən sammitin nəticəsi olaraq razılaşdırılan və "Tramp Marşrutu" (TRIPP) adlandırılan layihə Zəngəzur dəhlizinin tərkib hissəsidir. E.Əmirbəyov bildirib ki, Zəngəzur dəhlizi bir neçə strateji hədəfə eyni vaxtda xidmət edəcək. Bu marşrut Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, eyni zamanda 30 ildən sonra Ermənistanla Azərbaycan arasında birbaşa əlaqənin bərpasına imkan yaradacaq. Bundan başqa, dəhliz Asiya ilə Avropa arasında alternativ nəqliyyat xətti rolunu oynayaraq ticarət dövriyyəsinin hər iki istiqamətdə artmasına şərait yaradacaq. Xüsusi nümayəndə vurğulayıb ki, ABŞ-nin vasitəçiliyi ilə Bakı və İrəvan Cənubi Qafqazda davamlı sülhün qurulmasının hər iki tərəf üçün real iqtisadi faydalar gətirməsi barədə razılığa gəlib. Onun fikrincə, bu proses gələcəkdə Azərbaycan və Ermənistan arasında müəyyən iqtisadi qarşılıqlı asılılığın formalaşmasına və regionun vahid iqtisadi məkan kimi fəaliyyət göstərməsinə zəmin yarada bilər. E.Əmirbəyov qeyd edib ki, 2025-ci il Azərbaycan-Ermənistan münasibətlərində və ümumilikdə Cənubi Qafqaz üçün həlledici mərhələ olacaq. O xatırladıb ki, onilliklər davam edən münaqişədən sonra tərəflər sülh yolunu seçiblər və 8 avqust Vaşinqton sammiti bu iradənin açıq ifadəsi olub. Onun sözlərinə görə, münaqişənin əsas səbəbi olan Ermənistanın Azərbaycana ərazi iddiaları aradan qaldırılıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra Bakı sülh sazişi təşəbbüsü ilə çıxış edib. İki il yarımdan çox davam edən danışıqlardan sonra isə 2025-ci ilin martında tərəflər sülh sazişi layihəsinin mətnini razılaşdırıblar. Xüsusi nümayəndə əlavə edib ki, Vaşinqton sammiti çərçivəsində Azərbaycan, Ermənistan və ABŞ liderləri hər üç tərəf üçün mühüm iqtisadi nəticələr vəd edən razılaşmalar əldə ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər