Siyasət

Sevgisinə, ölkəsinə, elinə sahib çıxan adam!

12 Dec 2025, 14:58 1 baxış
Sevgisinə, ölkəsinə, elinə sahib çıxan adam!
Kubra Məhərrəmova yazır... Onun haqqında ən gözəl sözlər deyilib, ən maraqlı yazılar yazılıb. Mənim deyə biləcəyim, əlavə edəcəyim heç nə yoxdur. Sadəcə zaman keçdikcə baş verənləri daha yaxşı anlayıb, daha dərindən dərk edirsən. Başa düşürsən ki, bu yolu keçmək üçün adamda ürək olmalıdır. O, ürək ki, heç nəyin və heç kimin qarşısında təslim olmur. Nə Kremldə təslim oldu, nə həyatına qəsd etmək istəyəndə, nə də hərbi kursantların qarşısında çıxış edəndə. Yıxıldı, yenidən qalxdı və sözünü bitirdi. Ali Baş Komandanı olduğu gənc zabitlərə əsl zabit şərəfinin nə olduğunu göstərdi. Ağrılarının qarşısında baş əymədi. Ürək, yenə də ürək. Naxçıvanı odun və aclığın əlindən alanda da, Azərbaycanda qiyamları təkbaşına yatıranda da, Kremlin iblislərilə savaşanda da ürəkli oldu. Bütün qadağa və təhlükələrə baxmadan həyatının sevgisindən, sevdiyi qadından imtina etmədi. Bu, sadəcə bir sevgi hekayəsi deyil, xarakter, kişilik, mərdlik təcəssümüdür.
Sevgisinə necə sahib çıxdısa, elinə, ölkəsinə də eyni sevgi ilə sahib çıxdı. Dünyanın müxtəlif siyasi tribunalarından etdiyi çıxışları izləyəndə, düşünürsən ki, görəsən bir insan bütün dünya ilə təkbaşına savaşmağa necə nail olub? Dünya güclərinin üzünü Azərbaycana doğru necə çevirib? Dörd tərəfdən hücuma məruz qalan Azərbaycana necə sahib çıxıb? Gecələr tək, ürəyi ilə baş-başa qalanda bu qədər ağır yükün altında necə yaşayıb? Necə bütün qorxulara qalib gəlib? Necə ən çətin günlərdən qalib çıxıb? Milyonlarla insanın taleyini müəyyən etməyə, ölkəni xaosdan çıxartmağa, müharibəni dayandırmağa, ölkəni tanıtmağa, kasıb, iqtisadiyyatı olmayan ölkəyə xarici sərmayələr gətirtməyə necə nail olub? Özü də ərazisində müharibə olan ölkəyə. Riskli, hər an milyonlarla pulun göyə sovrulması reallığına baxmayaraq nəhəng şirkətlər Azərbaycana gəldi. Çünki ortada Heydər Əliyevin imzası var idi. Ən vacibi isə Heydər Əliyevin ürəyi var idi. Bütün varlığı ilə Azərbaycana aşiq olan ürəyi. Bəlkə də, elə bu eşq idi ki, ona bu həqiqəti agah etmişdi. Bu eşqə də bütün ürəyi ilə inanmışdı. Ən qaranlıq zamanlarda o bilirdi ki, sonunda Azərbaycan qalib gələcək. Şuşa da, Laçın da, Füzuli də, Ağdam da evinə qayıdacaq. Evindən pərən-pərən düşən adamlar evinə-obasına qayıdacaq. Bilirdi ki, Cıdır düzündə "Qarabağ şikəstəsi" səslənəcək. Yadigarı da, onun bütün arzularını gerçəkləşdirəcək. Sən bir ürəyə bax!
Sevgisinə, ölkəsinə, elinə sahib çıxan adam!
Mənbə oxu.az

Oxşar Xəbərlər