Siyasət

Azər Badamov: "Heydər Əliyevin açdığı yol ilə irəliləməyimizin nəticəsidir ki, xəyal kimi görünən çətin işlərin öhdəsindən gəldik"

12 Dec 2025, 12:34 1 baxış
Azər Badamov: "Heydər Əliyevin açdığı yol ilə irəliləməyimizin nəticəsidir ki, xəyal kimi görünən çətin işlərin öhdəsindən gəldik"
"Ümummilli lider Heydər Əliyev Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin öz xalqının rifahı üçün istifadəsinə nail olmuş milli təəssübkeşimiz idi. Məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi enerji siyasətini davam etdirməyimizin nəticəsidir ki, Azərbaycanın enerji resursları heç bir halda siyasətin əlində alətə çevrilmir. Enerji resurslarımız regionumuzun sərhədlərini aşaraq xalqların gündəlik həyat tərzlərinin yaxşılaşdırılmasına xidmət edir". Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın enerji siyasətində əldə olunan uğurlar da ümummilli liderin strateji düşüncəsinin davamıdır: "Liderlərin qərar qəbuletmədə rolu çox vacib və strateji xarakter daşıyır. Dövlət idarəçiliyində də alınan qərarların taktiki-qısamüddətli deyil, strateji-uzunmüddətli olması vacibdir. Bu baxımdan, dünya tarixinə adını yazdırmağı bacaran liderlər öz fəaliyyətləri ilə sadəcə, məxsus olduqları xalqın, millətin deyil, bir çox xalqların taleyinə təsir edirlər. Alınan istənilən qərar liderin, sadəcə, öz qarşısında deyil, böyük tarix önündə də ciddi məsuliyyət yaradır. Heydər Əliyevin siyasi irsinin uğurla davam etdirilməsinin nəticəsidir ki, atdığımız addımlar, əldə etdiyimiz nəticələr dünya xalqları üçün nümunədir. Böyük strateqlərin belə, "düyün nöqtəsi" adlandırdığı Cənubi Qafqaz kimi çətin bir regionda uğurla siyasət yürütmək heç də asan olmayan, əksinə, mürəkkəb kombinasiyalarla dolu bir məsələdir. Bu ağır missiyanı ümummilli lider Heydər Əliyev öz çiyinləri üzərinə götürdü. Azərbaycanlıları əzmək planlarının, xalqımıza aşağı münasibət bəsləmək düşüncəsinin qarşısında ümummilli liderimiz dayandı. 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı ulu öndərimizin atdığı addımlar, dövrün çətinliklərinə baxmayaraq istifadə etdiyi üslub və ritorika bir lider kimi onun nə qədər qorxmaz olduğunu sübut edir. Ulu öndərimizin aldığı hər bir qərarın Azərbaycanın bugünkü reallığını yaratdığının şahidi oluruq. Kökü əsrlərə dayanan dövlətçilik ənənələrimizi bərpa edən, dövlət institutlarımızı yenidən quran ümummilli liderimiz özündən sonra elə bir iz qoyub ki, o bugünkü gənclərin yoluna işıq saçır. Ordu quruculuğu, gənclər siyasəti, mədəniyyətimizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, ailə institutuna göstərdiyi dərin ehtiram çox dərin və həssas amillərdir. Bu gün ulu öndərimizin ideyaları və ideallarına dövlət idarəçiliyində istinad edilir, nümunə kimi götürülür. Məhz ulu öndərin qoyduğu izlə getdiyimiz üçün nə vaxtsa bizə xəyal kimi görünən Qarabağ və Şərqi Zəngəzurun bərpasını reallaşdırırıq. Azərbaycan elə bir Zəfər əldə etdi ki, bu qələbə həm əks qütbdə dayanan, həm də eyni cinahda mübarizə aparan bütün aktorlar üçün yeni imkanlar açır. Bu reallığı yaradan müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ata vəsiyyətini layiqincə yerinə yetirməsi nəticəsində dünyanın bir çox regionlarında müraciət edilən separatizm siyasətinə öz ərazimizdə kökündən zərbə vurduq. Yanlış xəyallar, saxta tarixlə dolu olan bir toplumun, cəmiyyətin zülmətdən çıxmasına şərait yaradırıq. Məhz ümummilli lider Heydər Əliyevin açdığı yol ilə irəliləməyimizin nəticəsidir ki, bizə növbəti xəyal kimi gələn çətin bir işin də öhdəsindən gəldik. İllərlə Azərbaycan xalqının haqqını yeyən, haqq sözünü və səsini eşitməyən ATƏT-in Minsk qrupu kimi saxta bir qurumun boş fəaliyyətinə tamamilə son qoyduq. Bu gün Azərbaycan tamamilə fərqli bir reallıq yaşayır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq. Xalqımız dahi şəxsiyyətin bu sözlərinə hər zaman inanırdı. Məhz bu inamın nəticəsi oldu ki, 2003-cü ildə cənab İlham Əliyevə səs verən xalq əslində, elə ümummilli liderimiz Heydər Əliyev ideyalarına səs verdi. Ulu öndərimizin sözlərinə tənqidlə yanaşanlar, onu qəbul etmək istəməyənlər isə bu gün onun dahiliyini nəinki qəbul edirlər, hətta dəfələrlə dilə gətirirlər. Bəli, məhz bu baxımdan strateji düşüncənin önəmi ilə bir yanaşma ortaya qoyuldu. Lider məhz o şəxsdir ki, onun düşüncələri və əməlləri illər, əsrlər keçsə də, yenidən öz təsdiqini tapır. Bu baxımdan, ümummilli lider Heydər Əliyev nəinki Azərbaycan, dünya tarixində silinməz iz buraxan dahi şəxsiyyət, böyük liderdir". Elmidar Əliyev
Azər Badamov: "Heydər Əliyevin açdığı yol ilə irəliləməyimizin nəticəsidir ki, xəyal kimi görünən çətin işlərin öhdəsindən gəldik"
Mənbə oxu.az

Oxşar Xəbərlər