Kriminal
Bakıda məktəbdə saqqızdan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - Son vəziyyətləri açıqlandı
Dekabrın 11-də saat 9-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib. Məlumatda qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: "Təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına beş nəfər (kişi cinsli), Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına üç nəfər (kişi cinsli) hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən birinə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər yeddi pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb". Bakı şəhəri 14 nömrəli tam orta məktəbin səkkiz şagirdi zəhərlənib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq məktəbdən məlumat verilib. Bildirilib ki, dekabrın 11-də məktəbin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Qeyd edilib ki, şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib: "Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb. Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbi prosedurlara cəlb olunub. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Məhərrəm Əliyev
Mənbə
oxu.az
Oxşar Xəbərlər