Siyasət

İki islam ölkəsinin qarşıdurması: "Prosesdə xarici qüvvələrin rolu istisna deyil"

06 Dec 2025, 17:08 1 baxış
İki islam ölkəsinin qarşıdurması: "Prosesdə xarici qüvvələrin rolu istisna deyil"
"Dünən Pakistan və Əfqanıstan sərhədində növbəti eskalasiya baş verib və hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edib. Əfqanıstan tərəfindən açılan atəşə Pakistan tərəfi cavab vermək məcburiyyətində qalıb. Bu isə onu göstərir ki, iki ölkə arasında oktyabrın 19-da imzalanmış atəşkəs razılaşması kifayət qədər kövrəkdir və hər an pozula bilər". Bu sözləri Oxu.Az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Sultan Zahidov deyib. O bildirib ki, oktyabr ayında tərəflər arasında bir həftəyə yaxın sərhəd boyunca ciddi toqquşmalar yaşanmış, onlarla insan həyatını itirmişdi:
"Bu baxımdan, daha sonra Türkiyə və Qətərin vasitəçiliyi ilə atəşkəs sazişinin imzalanması bir növ müsbət aura yaratmışdı ki, tərəflər artıq danışıqlar yolu ilə mübahisəli məsələləri həll edəcəklər. Həqiqətən də, bundan sonra İstanbulda, bir həftə əvvəl isə Səudiyyə Ərəbistanında danışıqlar baş tutdu, amma bu danışıqlar hər hansı bir ciddi nəticə vermədi. Bu da onu göstərir ki, tərəflər arasında ciddi mövqe fərqləri var və Pakistan tərəfi bildirir ki, Əfqanıstanda fəaliyyət göstərən və beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı kimi tanınan "Təhrik-i-Taliban Pakistan" (TTP - Pakistan "Talibanı") Əfqanıstan hakimiyyəti tərəfindən dəstəklənir və onların üzvlərinə sığınacaq verilir. Bu isə Pakistanın milli təhlükəsizliyi üçün ciddi təhdiddir. Çünki TTP təkcə son bir ildə Pakistan ərazisində 600-ə yaxın terror hücumu həyata keçirib və kifayət qədər təhlükəli bir təşkilatdır. Pakistanın da məqsədi ölkənin təhlükəsizliyini və sabitliyini təmin etməkdir. Bu baxımdan, Əfqanıstandan tələb olunan əsas məsələ TTP-yə dəstəyin dayandırılması və təşkilat üzvlərinə sığınacaq verilməməsidir. Hətta bu öhdəliklər Əfqanıstan tərəfindən Türkiyə və Qətərin vasitəçiliyi ilə imzalanan atəşkəs razılaşmasında qəbul edilmişdi". "Lakin hazırkı gedişat göstərir ki, atəşkəs yetərli deyil və davamlı sülhün təmin olunması üçün daha dərin və davamlı danışıqlar aparılmalıdır. Eyni zamanda, Əfqanıstan Pakistanın terror təhlükəsi ilə bağlı haqlı narahatlıqlarını nəzərə almalıdır. Əvvəllər "Taliban" ilə Pakistan arasında münasibətlər normal idi, lakin 2007-ci ildə TTP-nin yaradılması və bu təşkilatın Pakistana qarşı fəaliyyətə başlaması iki tərəf arasında münasibətləri gərginləşdirdi. 2021-ci ildən etibarən "Taliban"ın Əfqanıstanda yenidən hakimiyyətə gəlməsi bu problemlərin daha da aktuallaşmasına səbəb olub", - deyə müsahibimiz vurğulayıb. O əlavə edib ki, bu kimi qarşıdurmalarda xarici qüvvələrin rolu da istisna deyil: "Pakistan və Əfqanıstan kimi iki müsəlman ölkəsi arasında davamlı toqquşmalarda maraqlı olan kənar qüvvələrin də təsiri mümkündür. Lakin əsas səbəb Pakistanın təhlükəsizliyinə, ərazi bütövlüyünə sui-qəsd, terror fəaliyyətləri həyata keçirən təşkilatlar və onların Əfqanıstandakı mövcudluğudur". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər