Kriminal
Sabiq bankirin oğlu yenidən hakim qarşısına çıxarıldı
Hazırda lisenziyası ləğv olunmuş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifov və tanışı İlham Abbasovun külli miqdarda dələduzluq faktı üzrə cinayət işinin məhkəməsi başlayıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. Onlar barədə seçilmiş həbs olmayan qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə araşdırmasına başlanılması barədə qərar verilib. Növbəti proses dekabrın 12-nə təyin edilib. Qeyd edək ki, keçmiş bankirin oğlu bu dəfə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunur. İstintaqla müəyyənləşdirilib ki, İ.Yusifovla tanışı İlham Abbasov əlbir olaraq vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onu da qeyd edək ki, "Texnikabank" ASC-nin Bakı filialının rəhbəri olmuş Zal Yusifov 2010-cu ildə 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində, oğlu İslam isə eyni iş üzrə dələduzluq epizodunda iştirakçı kimi təqsirli bilinərək həbs olunmuşdular. Zal Yusifov həmin vaxt 15 il, oğlu İslam Yusifov isə 8 il azadlıqdan məhrum ediliblər. Onların milyonlarla manatlıq əmlakı müsadirə edilib. 5 il sonra İslam Yusifov, bundan illər sonra isə atası Zal Yusifov azadlığa buraxılıblar. İslam Yusifov və İlham Abbasova qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4-cu maddəsi ilə ittiham irəli sürülüb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər