Digər
Ermənistanın yeni konstitusiyası: Bakının tələbi bəlli, qərar İrəvanındır
Bu gün səhər saatlarında Ermənistanda yeni konstitusiyanın layihəsi dərc olunub və mətndə Müstəqillik Bəyannaməsinə heç bir istinad öz əksini tapmayıb. Konstitusiya layihəsinin preambulası bu cür ifadə edilib: "Biz, Ermənistan Respublikasının xalqı, dövlətçiliyimizin davamlılığı və inkişafı naminə, beynəlxalq səviyyədə tanınmış ərazimizdə firavan bir dövlət qurmaq və onu nəsildən-nəslə ötürmək missiyasını rəhbər tutaraq, Ermənistan konstitusiyasını qəbul edirik". Layihədə, həmçinin vurğulanır ki, konstitusiya daxili və xarici münasibətlərin əsas prinsiplərinə dair kollektiv bir razılaşmadır. Sözügedən məsələdə rəsmi Bakının şərti aydındır, qərar Ermənistanındır. Azərbaycanın Ermənistanın yeni Konstitusiyası ilə bağlı mövqeyi bir cümləyə sığar. Qüvvəyə minəcək əsas qanunda Azərbaycana qarşı ərazi iddiasına əsas verən müddəalar aradan qaldırılmalıdır. Konstitusiyanın qalan hissəsini necə yazmaq, hansı islahatları aparmaq və yeni sənədi nə vaxt səsverməyə çıxarmaq Ermənistanın daxili işidir. Bakı bu prosesə müdaxilə etmək niyyətində deyil. Onun gözləntisi sülh sazişinə yekun imza atmaq üçün açıqladığı şərtin yerinə yetirilməsidir. Bu gün ictimaiyyətə təqdim edilən layihə sözügedən istiqamətdə ilk konkret addımdır. Qüvvədə olan Konstitusiyanın girişində 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin bəyannamə isə Ermənistan SSR-lə keçmiş Dağlıq Qarabağın birləşdirilməsinə dair 1989-cu il qərarına əsaslanır. Yeni layihənin girişində bu istinad yer almayıb. Bakının müsbət qiymətləndirdiyi dəyişiklik məhz budur. Rəsmi Bakı da yeni sənədin layihəsinə ilk reaksiyanı verib. Xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə keçirdiyi brifinqdə Azərbaycanın mövqeyini bir daha açıqlayıb. O xatırladıb ki, sülh sazişi Vaşinqtonda artıq paraflanıb və Bakı konstitusiya ilə bağlı şərt yerinə yetirildikdən sonra sənədi imzalamağa hazırdır. "Müvafiq məsələ həllini tapdıqdan sonra paraflanmış sülh sazişinin imzalanması qarşısında başqa maneə görünmür". İndi növbə Ermənistanındır. Hökumət layihəni ictimai müzakirəyə təqdim edib. Növbəti addım sənədi referenduma çıxarmaq, qərarı isə seçicilərə verməkdir. Paşinyanın sözlərinə görə, referendumun keçirilməsi üçün hakim fraksiyaya parlamentdə altı səs çatmır. Həmin səslərin necə toplanacağı və referendumun nə vaxt keçiriləcəyi İrəvanda həll olunacaq. Paşinyan layihəni təqdim etməklə öz mövqeyini bildirib. İndi Ermənistan cəmiyyətinin qarşısında sülhə dair öz mövqeyini göstərmək imkanı var. Vətəndaşlar yeni konstitusiyanı qəbul etməklə Azərbaycanla münasibətlərin qarşılıqlı ərazi bütövlüyünün tanınması əsasında qurulmasına da siyasi dəstək verə bilərlər. Vaşinqtonda paraflanmış sazişin yekun imzasına aparan növbəti addım həmin qərardan asılıdır.
Mənbə
oxu.az