Dünya

Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən çıxdığına dair rəsmi bildiriş göndərib

23 Nov 2026, 17:56 1 baxış
Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən çıxdığına dair rəsmi bildiriş göndərib
Tacikistan Birləşmiş Millətlər Təşkilatını (BMT) Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması barədə rəsmən xəbərdar edib. Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə məlumat BMT-nin Baş katibi Antoniu Quterreşin açıqlamasında yer alıb. Sənəddə qeyd olunduğu kimi, Tacikistan noyabrın 20-də BCM-nin Roma Əsasnaməsindən (Roma Statutu) çıxmaq barədə təşkilata bildiriş göndərib. Qərar rəsmi bildiriş alındıqdan bir il sonra, yəni 20 noyabr 2027-ci ildə qüvvəyə minəcək. Düşənbə Roma Əsasnaməsini 1998-ci ildə imzalayıb və 2000-ci ildə ratifikasiya edib. Sənədə əsasən, istənilən iştirakçı dövlət BMT-nin baş katibinə yazılı xəbərdarlıq göndərməklə Roma Statutundan çıxa bilər. Əgər sənəddə daha gec bir tarix göstərilməyibsə, xəbərdarlıq bildirişin alınmasından bir il sonra hüquqi qüvvəyə minir. Bundan əvvəl Avropa İttifaqının Xarici Əlaqələr Xidməti iddia edirdi ki, 2025-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin Düşənbəyə dövlət səfəri edərkən Tacikistan əsasnamə üzrə öhdəliklərini yerinə yetirməyib. 2023-cü il martın 17-də BCM Ukrayna uşaqlarının qanunsuz deportasiyası ittihamı ilə Rusiya lideri Vladimir Putin və Prezident yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu qərarı şərh edərkən Moskvanın BCM-nin yurisdiksiyasını tanımadığını vurğulayıb. Rusiya, eləcə də ABŞ və Çin də daxil olmaqla, bir sıra ölkələr bu beynəlxalq təsisatın fəaliyyətində iştirakdan imtina ediblər. BCM 1998-ci il Roma Əsasnaməsi əsasında yaradılıb. O, BMT-nin bir hissəsi deyil və yalnız əsasnaməni ratifikasiya etmiş ölkələr qarşısında hesabat verir.
Mənbə oxu.az

Oxşar Xəbərlər