Dünya
Çində dünyanın ən böyük elektrikli yük gəmisi hazırlandı
Çin mütəxəssisləri 23.5 meqavat-saatlıq akkumulyatorla təchiz olunmuş, dünyada ən böyük elektrikli quru yük gəmisini ərsəyə gətiriblər. Oxu.Az xəbər verir ki, bu barədə "Naked Science" portalı məlumat yayıb. Uzunluğu 129.9 metr təşkil edən və standart yanacaq növündən imtina edən "BRF Froan" adlı gəminin Norveç sahillərində mərmər nəqli üçün istifadə edilməsi nəzərdə tutulur. Yükqaldırma qabiliyyəti 13 250 ton dedveyt olan bu nəhəng gəmi Norveçə məxsus "Berge Rederi" şirkətinin xüsusi sifarişi əsasında Çinin "Jiangsu SOHO Marine Heavy Industry" müəssisəsi tərəfindən inşa edilib. Nəqliyyat vasitəsi enerjini akkumulyator sistemindən alan elektrik güc qurğusunun köməyi ilə hərəkətə gətirilir. Gəmidə quraşdırılmış iki ədəd rotor yelkəni hər səfər ərzində 339 kilovat enerji qənaətinə şərait yaradacaq, həmçinin klassik yanacaqdan istifadə edilməməsi atmosferə buraxılan zərərli qazların miqdarını aşağı salacaq. İstehsalçı şirkətin məlumatına əsasən, gəminin göyərtəsində elektrikli ekskavator və lüklərin üzərində yerləşən, ümumi sahəsi 1000 kvadratmetrə çatan günəş enerjisi panelləri də fəaliyyət göstərəcək. Mövcud planlara əsasən, yük gəmisi beş illik müqavilə çərçivəsində 425 kilometrlik məsafəni qət edərək xidmət göstərəcək. Nəqliyyat vasitəsi mədən ərazilərində yerləşən emal müəssisələri arasındakı 230 dəniz milinə (təqribən 425 km) bərabər olan marşrut xətti üzrə 13 min tonadək mərmər daşıyacaq. Qeyd olunur ki, ekoloji təmiz elektrik quru yük gəmisinin əsas hədəfi elektrik enerjisi tətbiqi ilə havaya buraxılan zərərli tullantıların həcmini minimuma endirməkdir. Hesablamalara görə, sadəcə bir gəminin istifadəsi karbon qazı tullantılarının 9 min ton, azot oksidlərinin isə 200 ton qarşısını alacaq.
Mənbə
oxu.az