"Fənərbağça" Dirk Kuytla bağlı qərarını verdi
"Fənərbağça" klubu niderlandlı mütəxəssis Dirk Kuytla əməkdaşlığa son qoyub.
Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisi bu barədə rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb.
Emre Belözoğlunun komandanın sükanı arxasına keçməsindən sonra tərəflər arasında danışıqlar aparılıb və əməkdaşlığın dayandırılması qərara alınıb.
Klub niderlandlı mütəxəssisə təşəkkür edib:
"Çox sağ ol, Dirk Kuyt! Sarı-lacivərd hekayəmiz illər əvvəl başladı və aramızdakı bağ heç vaxt qopmadı. Əvvəl meydanda, sonra ehtiyat oyunçular skamyasında bizimlə oldun. Bu rənglərə duyduğun sevgi və bağlılıqla hər birimizin qəlbində xüsusi yer qazandın. Bu rənglərə qatdığın hər şeyə görə sənə ürəkdən təşəkkür edirik".
Qeyd edək ki, mövsümə hazırlıq mərhələsində baş məşqçinin birinci köməkçisi vəzifəsinə təyin olunan Kuyt İsmail Kartalın istefasından sonra əsas komandanın məsul şəxsi kimi fəaliyyət göstərirdi.