Dünya
Kiyev Yeni ilə qədər danışıqlarda müəyyən razılaşmaların olacağına ümid edir
Ukrayna tərəfi danışıqlar prosesi çərçivəsində 2026-cı ilin sonunadək müəyyən bir həll yoluna nail olmağı planlaşdırır. Oxu.Az-ın life.ru-ya istinadən verdiyi məlumatına görə, Ali Radadakı Xalqın xidmətçisi fraksiyasının rəhbəri və Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya məsləhətləşmələrdəki müsbət dinamikanı vurğulayaraq bu proqnozu səsləndirib. "Düşünürəm ki, Yeni ilin gəlişinə qədər bir qərara gəlmək üçün hazırda yaxşı dinamikamız var", - deyə siyasətçi Əbu-Dabidə ABŞ və Rusiya nümayəndələri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. Bununla belə, Araxamiya söhbətin konkret hansı qərardan getdiyini və tərəflərin qarşıdakı həftələrdə hansı məsələləri razılaşdıra biləcəyini dəqiqləşdirməyib. Bu səbəbdən, onun bəyanatını hələlik yekun sülh sazişinin hazırlanmasının təsdiqi kimi qəbul etmək olmaz. Xatırladaq ki, Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında danışıqların ikinci günü artıq başa çatıb.
Mənbə
oxu.az