Dünya

Kuşner və Uitkoff Əbu-Dabi danışıqlarından sonra Rusiya və Ukraynaya gedirlər

11 Nov 2026, 17:00 2 baxış
Kuşner və Uitkoff Əbu-Dabi danışıqlarından sonra Rusiya və Ukraynaya gedirlər
ABŞ prezidentinin xüsusi nümayəndələri - Cared Kuşner və Stiven Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün noyabrın 12-də Moskvaya səfər etməyi planlaşdırırlar. Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kuşner Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçirilən üçtərəfli danışıqların yekunlarını müzakirə edərkən bildirib. Bu səfərdən sonra amerikalı nümayəndələrin Ukraynaya yola düşməsi nəzərdə tutulur. "Sabah Uitkoffla birlikdə Putinlə görüşmək üçün Moskvaya gedəcəyik", - deyə ABŞ rəsmisi bildirib. ABŞ nümayəndələrinin sözlərinə görə, Əbu-Dabidəki müzakirələr zamanı təhlükəsizlik zəmanətləri məsələsində nəzərəçarpacaq irəliləyiş əldə olunub. İndi Vaşinqton münaqişənin həlli istiqamətində növbəti addımları müəyyənləşdirmək üçün birbaşa Rusiya və Ukrayna rəhbərliyi ilə məsləhətləşmələri davam etdirmək niyyətindədir. Rusiya tərəfi də ikigünlük görüşün nəticə verdiyini diqqətə çatdırıb. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, danışıqların yekununda gələcək fəaliyyət üçün müəyyən zəmin yaranıb. Eyni zamanda, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski vurğulayıb ki, hələlik yekun razılaşmalar əldə edilməyib. Məhz bu səbəbdən tərəflər müzakirə olunan təkliflərin konkret detallarını açıqlamırlar. "Belə vəziyyətlərdə yekun razılaşma əldə olunmayana qədər təfərrüat heç vaxt müzakirəyə çıxarılmır", - deyə Rusiya nümayəndə heyətinin rəhbəri izah edib. Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin danışıqları 10-11 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutub. Münaqişənin sona çatdırılması şərtləri, təhlükəsizlik təminatları, humanitar problemlər və Avropa təhlükəsizliyinin gələcək arxitekturası əsas müzakirə mövzuları olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər