İqtisadiyyat
Metro və su layihələri üçün yeni kreditlər: Azərbaycanın borclanma limiti nə qədər olacaq?
2027-ci il üzrə dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı 2.2 milyard manat məbləğində vəsait proqnozlaşdırılır. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb. Qeyd olunur həmin xərclərin 1 milyard 427.5 milyon manatını xarici dövlət borcu üzrə (1 milyard 63.5 milyon manatını əsas borc və 364 milyon manatını isə faiz borcu üzrə xərclər), 772.5 milyon manatını isə daxili dövlət borcu üzrə (137.2 milyon manatını əsas borc və 635.3 milyon manatını isə faiz borcu üzrə xərclər) xərclər təşkil edir. 2027-ci ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri 2026-cı illə müqayisədə 257.6 milyon manat azdır. Növbəti ilin dövlət büdcəsində xarici dövlət borcuna xidmət üçün 1 milyard 427.5 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 27.5 milyon manat və ya 2 faiz çoxdur. Bir sıra iri maliyyə tutumlu layihələrin (su təchizatı, metro şəbəkəsinin genişləndirilməsi və digər sahələr) kredit vəsaitləri hesabına maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə kredit təşkilatları ilə danışıqların aparıldığını və növbəti il ərzində həmin layihələr üzrə kredit sazişlərinin imzalanaraq təsdiq edilməsinin gözlənildiyi nəzərə alınaraq Azərbaycan Respublikasının 2027-ci il üzrə xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 milyard manat, daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2.5 milyard manat və il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 6 milyard manat məbləğində müəyyən ediləcək.
Mənbə
oxu.az