İdman

UEFA Dambrauskasın həyatındakı dönüş nöqtəsindən yazdı

03 Nov 2026, 12:16 2 baxış
UEFA Dambrauskasın həyatındakı dönüş nöqtəsindən yazdı
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın UEFA Çempionlar Liqasına gedən yolu maraqlı hadisə ilə başlayıb. Oxu.Az xəbər verir ki, UEFA litvalı mütəxəssislə geniş müsahibə dərc edərək onun futbol məşqçiliyinə gəlişindən və həyatında dönüş nöqtəsi olan hadisədən bəhs edib. Məlum olub ki, Dambrauskas 25 yaşında Litvanın "Šeši nuliai - milijonas" (Kim milyonçu olmaq istəyir?) adlı televiziya bilik yarışmasında iştirak edərək 4 000 lit (1 000 avrodan bir qədər çox) qazanıb. Həmin vaxt bu məbləğ onun təxminən 10 aylıq əməkhaqqına bərabər olub. Mütəxəssis yarışmaya xüsusi pul qazanmaq planı ilə qatılmadığını bildirib: "Özünü sınamaq üçün yarışmaya gedirsən. Harasa səfər etmək və ya nəsə etmək üçün pul qazanmaq kimi konkret planım yox idi. 2002-ci ilin apreli idi və yenicə 25 yaşım tamam olmuşdu. İşləyirdim, eyni zamanda Şyaulyay Universitetində fəlsəfə və sosial elmlər üzrə qiyabi təhsil alırdım". Dambrauskas qazandığı pulun birbaşa məşqçilik kurslarına xərclənməsi barədə yayılan fikirlərin həqiqəti əks etdirmədiyini vurğulayıb. Onun sözlərinə görə, həmin vəsait əvvəlcə universitetdə təhsil haqqını ödəməyə kömək edib, daha sonra isə İngiltərəyə getmək imkanı yaradıb: "Pul çox işimə yaradı. Universitetdə imtahanlarımız mayın sonunda idi. Oraya gedəndə mənə dedilər ki, qazandığım məbləğ iki, hətta iki il yarımlıq təhsil haqqımı ödəməyə kifayət edə bilər. Əsas məsələ bu idi. Daha sonra xaricə getmək imkanı yarandı. İngiltərəyə yollanmaq üçün aviabiletlər, ingilis dili kursu, təxminən bir aylıq yaşayış yeri və bank hesabında müəyyən məbləğin olması tələb olunurdu. Pulun hamısı bunlara xərcləndi". Litvalı mütəxəssis İngiltərəyə hazırkı həyat yoldaşı İnqrida ilə birlikdə səfər etdiyini də xatırlayıb. Onun sözlərinə görə, həyat yoldaşının ölkəyə girişinə təxminən beş dəqiqəyə icazə verilsə də, öz sənədləri iki saat ərzində yoxlanılıb. Hətta təhsil alacağı kolleclə əlaqə saxlanılaraq məlumatlar dəqiqləşdirilib. Qeyd edək ki, Dambrauskas İngiltərədə London Metropolitan Universitetində məşqçilik təhsili alıb. Daha sonra Litvanın U-17 və U-19 millilərinə rəhbərlik edib, müxtəlif ölkələrin klublarında çalışıb. 2025-ci ildə "Sabah"ın baş məşqçisi təyin olunan mütəxəssis klubla Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər