"Qarabağ"ın oyunçuları arasında matç zamanı mübahisə - Video
21:08
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın futbolçuları Mateus Silva və Marko Yankoviç arasında yaşanan mübahisəyə münasibət bildirib.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, baş məşqçi oyundan sonra keçirilən mətbuat konfransında futbolçuların cəzalandırılacağını vurğulayıb:
"Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük. Onlar komanda yoldaşı və dostdurlar. Həmişə bir yerdədirlər, bir-birlərinə qarşı müsbət münasibət bəsləyirlər. Hadisəni tam araşdırmamışam. Ola bilər ki, oyunda onları əsəbiləşdirən hansısa məqam olub. Bunu hələ bilmirik. Amma yüz faiz cəzalandırılacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir".
Qeyd edək ki, Misli Premyer Liqasının 10-cu turunda keçirilən "Qəbələ" - "Qarabağ" qarşılaşmasının (0-0) gedişində iki futbolçu arasında mübahisə yaşanıb. Fasilədə Qurban Qurbanov hər iki oyunçunu əvəzləyib.