Dünya
İran sanksiyalardan yayınaraq 2 milyardlıq silahı necə alıb?
İran ABŞ blokadasından və Qərb sanksiyalarından yayınan hərbi agentliklər şəbəkəsi qurub. 2025-ci ilin yanvar ayından etibarən ölkəyə dəyəri 2 milyard dollar olan hərbi texnika gətirilib. Oxu.Az-ın "Reuters"in apardığı araşdırmaya istinadən verdiyi məlumata görə, adları "MOD" hərfləri ilə başlayan 5 000-dən çox agentlik nəhəng bir maliyyə və hərbi strukturu təşkil edir. Belə ki, 2025-ci ilin yanvarından 2026-cı ilin iyun ayına qədər olan dövrdə, həmçinin bu il baş verən müharibənin ilk dörd ayı ərzində həmin agentliklərdən sadəcə biri - "MOD 346428" İrana külli miqdarda raket mühərrikləri, partlayıcı maddələr və müxtəlif silah ehtiyat hissələri idxal edib. Qeyd olunur ki, gətirilən bu detallar raketlərin, pilotsuz uçuş aparatlarının, eləcə də raket buraxılış qurğularının istehsalında tətbiq edilir. Bildirilir ki, hərbi təyinatlı komponentlər Çin, Rusiya və hətta Almaniyadan tədarük olunaraq İrana hava, dəniz və quru yolları vasitəsilə daşınıb. Agentlik vurğulayır ki, sözügedən araşdırma zamanı İran banklarının məlumatlarından, dövlət və korporativ sənədlərdən, eləcə də idxal əməliyyatlarına dair göstəricilərdən istifadə olunub.
Mənbə
oxu.az