Dünya
Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi
Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materiklə birləşməsi ilə izah edib. Mütəxəssisin sözlərinə görə, Xəzərin səviyyəsinin aşağı düşməsi yeni quru sahələrinin üzə çıxmasına səbəb olur. Əvvəllər sahildən su ilə ayrılan bəzi adalar artıq materiklə birləşib. "Yaiçnı, Çeçen, Piçujonok, Bazar və Pıriqunki kimi adalar artıq quru ilə birləşib. Onlara avtomobillə getmək mümkündür", - deyə İdrisov bildirib. Geoloq Dağıstanın hazırkı quru sahəsini əvvəlki 50.3 min kvadratkilometr əvəzinə təxminən 52-53 min kvadratkilometr qiymətləndirib. Qeyd edək ki, söhbət regionun inzibati sərhədlərinin rəsmi şəkildə dəyişdirilməsindən deyil, sahil xəttinin faktiki dəyişməsindən gedir. Dağıstanın ərazisinin dəqiq ölçüsünü müəyyənləşdirmək üçün Xəzər dənizinin sahil zonasının yeni topoqrafik xəritələri hazırlanmalıdır. Bu xəritələr suyun çəkilməsi nəticəsində üzə çıxan quru sahələrini qeydə almağa imkan verəcək. Təxminən 63 hektar sahəsi olan Nordovı adasının yerləşdiyi Qızılyar körfəzində də dəyişikliklər davam edir. İdrisovun ehtimalına görə, dənizin səviyyəsi bir metrdən də az aşağı düşərsə, ada materiklə tam birləşə bilər. Adada dəniz quşlarının böyük yuvalama koloniyaları yerləşir. Bununla yanaşı, Xəzər dənizinin dayazlaşması ciddi ekoloji problem olaraq qalır. Suyun geri çəkilməsi sahilyanı ərazilərin təbii şəraitini dəyişdirir və yerli ekosistemlərə mənfi təsir göstərə bilər.
Mənbə
oxu.az