Mədəniyyət

"Yarımçıq əlyazma"nın ispanca nəşrinin təqdimatı - Foto

23 Oct 2026, 23:29 3 baxış
"Yarımçıq əlyazma"nın ispanca nəşrinin təqdimatı - Foto

Oktyabrın 23-də XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının ispan dilində nəşrinin təqdimatı keçirilib.


Kult.az xəbər verir ki, tədbir İspaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.


İspaniyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Pedro Torrubia çıxışında Azərbaycan və İspaniya arasında mədəni əlaqələrin inkişafında ədəbiyyatın və tərcümə layihələrinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan ədəbiyyatının ispan dilində nəşrinin ölkənin zəngin ədəbi irsinin daha geniş oxucu auditoriyasına çatdırılması baxımından əhəmiyyətli olduğunu qeyd edib.


Əsərin geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu vurğulayan diplomat çıxışında “Yarımçıq əlyazma”nı müasir Azərbaycan ədəbiyyatının ən böyük romanlarından biri olduğunu, əsərdə mifin, fəlsəfənin, tarixi yaddaşın və siyasi düşüncənin mürəkkəb bir narrativ arxitekturada birləşdiyini söyləyib.


Qeyd olunub ki, qədim türk dastan ənənələrindən və “Kitabi-Dədə Qorqud” dünyasından ilhamlanan bu roman itirilmiş əlyazmaların, çoxsaylı səslərin və ziddiyyətli hekayələrin hökm sürdüyü parçalanmış bir dünyanı yenidən qurur.


Söylənilib ki, Kamal Abdulla sıx simvolik və poetik yazı üslubu ilə həm Şərq ənənəsi, həm də müasir Avropa romanı ilə dialoq quran bir əsər yaradıb. Roman oxucuya “mütləq bir həqiqətə çatmağın qeyri-mümkünlüyünü” və tarixin necə nisbi olduğunu göstərir”.


Daha sonra çıxış edən Kamal Abdulla “Yarımçıq əlyazma” romanının Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, əsərin ideya-məzmun xüsusiyyətlərindən və onun müxtəlif dillərə tərcüməsinin əhəmiyyətindən danışıb.


Bildirib ki, bədii əsərlərin xarici dillərdə nəşri milli ədəbiyyatın beynəlxalq miqyasda tanıdılması, xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni dialoqun gücləndirilməsi baxımından mühüm rol oynayır.


Təqdimat zamanı romanın ispan dilində nəşrinin Azərbaycan ədəbiyyatının dünya miqyasında tanıdılmasına, eləcə də Azərbaycan və İspaniya arasında ədəbi-mədəni əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi vurğulanıb.


Qeyd edək ki, Kamal Abdullanın ədəbi-bədii irsində vacib yer tutan roman yaradıcılığı "Yarımçıq əlyazma" ilə başlayıb. Müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub.


“Yarımçıq əlyazma”nın ədəbi taleyi təkcə Azərbaycanla bağlı olmayıb. Roman Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub.


Azərbaycanda müxtəlif ödüllər alan roman 21 sentyabr 2015-ci ildə İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının ("Skanoprize") ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib.


Xüsusilə qeyd etmək lazımdır ki, bu əsər çap olunduğu xarici ölkələrdə uğurlu nəşr həyatı yaşayaraq müxtəlif illərdə Fransada (2003, 2005), Türkiyədə (2006, 2014), Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar çap edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər