Mədəniyyət

Cəlil Məmmədquluzadənin ev muzeyinə nadir eksponat daxil olub - Foto

21 Oct 2026, 20:48 2 baxış
Cəlil Məmmədquluzadənin ev muzeyinə nadir eksponat daxil olub - Foto
Cəlil Məmmədquluzadənin ev muzeyinə yeni nadir eksponat daxil olub. Oxu.Az xəbər verir ki, Azərbaycan satirik mətbuatının tarixinə işıq salan "Məzəli" jurnalının 1915-ci ilə aid toplu nüsxəsi Cəlil Məmmədquluzadənin Naxçıvandakı ev muzeyinin eksponat fonduna daxil edilib. Muzeyə daxil olan "Məzəli" jurnalının toplu nüsxəsi XX əsrin əvvəllərində Azərbaycanda mətbuatın, satirik ədəbiyyatın və ictimai fikrin inkişafını əks etdirən əhəmiyyətli mənbələrdən biridir. 1914-1915-ci illərdə nəşr olunan "Məzəli" jurnalı Azərbaycan mətbuat tarixində özünəməxsus yer tutur. Jurnalın naşiri və ilk redaktoru tanınmış jurnalist və publisist Haşım bəy Vəzirov olub. Nəşrin ilk sayı 1914-cü il dekabrın 27-də Bakıda, "Səda" mətbəəsində işıq üzü görüb. Jurnal 1915-ci ilin oktyabr ayınadək fəaliyyət göstərib və ümumilikdə 42 sayı nəşr olunub. Nəşrin əsas xüsusiyyətlərindən biri onun zəngin məzmunu idi. Burada satirik şeirlər, felyetonlar, məqalələr, yerli və xarici xəbərlər, teleqramlar, elanlar və dialoqlar dərc olunurdu. Jurnalın səhifələrində tanınmış rəssam Əzim Əzimzadənin karikaturalarına da geniş yer verilirdi. Cəfər Cabbarlı, Əliqulu Qəmküsar, Əli Nəzmi və digər qələm sahiblərinin əsərləri isə jurnalın ədəbi-bədii əhəmiyyətini daha da artırırdı. Muzeyə daxil olan toplu nüsxə 1915-ci ilin fevralından sentyabrınadək nəşr edilmiş 30 sayı bir cilddə birləşdirir. Qeyd edək ki, eksponat "AnewZ" televiziya kanalının quruluşçu rejissoru Elnur Məmmədov tərəfindən qorunub saxlanılıb və muzeyə hədiyyə edilib. Bu nəşrin qorunması Azərbaycan mətbuat tarixinin və dövrün ictimai düşüncəsinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
{{gallery}} Anar Tağıyev
Cəlil Məmmədquluzadənin ev muzeyinə nadir eksponat daxil olub - Foto Cəlil Məmmədquluzadənin ev muzeyinə nadir eksponat daxil olub - Foto Cəlil Məmmədquluzadənin ev muzeyinə nadir eksponat daxil olub - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər