İqtisadiyyat
Azərbaycanda mal əti istehsalı azalıb, idxal isə 50 faizə yaxın artıb
Azərbaycanda 2025-ci ildə mal əti və ət məhsullarının istehsalı azalıb, idxalın həcmi isə 48.6 faiz artıb. Eyni zamanda, ölkənin bu məhsullarla özünütəminetmə səviyyəsi aşağı düşüb. Oxu.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2025-ci ildə ölkədə 150 min 479 ton mal əti və ət məhsulları istehsal edilib. Bu, 2024-cü ildə qeydə alınmış 152 min 878 tonla müqayisədə 2 min 399 ton və ya 1.6 faiz azdır. Bunun əksinə olaraq, həmin məhsulların idxalı 2024-cü ildəki 19 min 937 tondan 2025-ci ildə 29 min 619 tona yüksəlib. Beləliklə, idxal bir il ərzində 9 min 682 ton və ya 48.6 faiz artıb. Eyni dövrdə əhalinin şəxsi istehlak fondu 172 min 61 tondan 178 min 755 tona çatıb. Bu göstərici üzrə artım 6 min 694 ton və ya 3.9 faiz təşkil edib. Nəticədə Azərbaycanın mal əti və ət məhsulları ilə özünütəminetmə səviyyəsi 2024-cü ildəki 88.5 faizdən 2025-ci ildə 83.7 faizə enib. Bu isə 4.8 faiz bəndi azalma deməkdir. 2026-cı ilin ilk 9 ayına (yanvar-sentyabr ayları) olan məlumatlara əsasən, ölkədə bütün növ ət istehsalı diri çəkidə 447 min 378 ton təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki 434 min 280 tonla müqayisədə 13 min 98 ton və ya üç faiz çoxdur. Bununla yanaşı, 2026-cı il oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın sayı 2 milyon 430 min 180 baş olub. Ötən ilin eyni tarixində bu göstərici 2 milyon 438 min 784 baş təşkil edib. Beləliklə, iribuynuzlu mal-qaranın sayı bir il ərzində 8 min 604 baş və ya 0,4 faiz azalıb. Abbas Mirzəyev
Mənbə
oxu.az