Dünya
Mirzoyandan TRIPP açıqlaması: "Bizim bu cür imkanı əldən verməyə həqiqətən haqqımız varmı?"
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin dəmir yollarının gələcək taleyi ilə bağlı sualı cavablandırarkən Ermənistan-Rusiya birgə komissiyasının fəaliyyətinin nəticələrini gözləməyi tövsiyə edib. Oxu.Az-ın erməni mətbuatına istinadən məlumatına görə, nazir bildirib ki, Ermənistandakı dəmir yolu infrastrukturu ən azından əsaslı şəkildə müasirləşdirilməlidir. "Böyük logistika və nəhəng bazarlar arasında hərəkət şəraitində, təsərrüfat subyektləri üçün qənaət edilən hər bir dəqiqə böyük önəm daşıyır", - Mirzoyan qeyd edib. Onun sözlərinə görə, plana əsasən, yüklər TRIPP boyunca hərəkət etdikdən sonra Naxçıvandan Ermənistana - Arazdəyən (Yerasx) qəsəbəsi yaxınlığındakı bir hissədən keçərək daxil olacaq. Ermənistan XİN rəhbəri vurğulayıb ki, Qərbdəki bəzi tərəfdaşlar bu dəmir yolu xəttindən istifadə etməkdə maraqlıdırlar. Lakin müəyyən amillər, xüsusən də sanksiyalar onları məhdudlaşdırır. "Onlar dəmir yolunun bir hissəsinin (TRIPP hissəsi istisna olmaqla - red.) Cənubi Qafqaz Dəmir Yolunun idarəçiliyində olduğunu görürlər. Burada bəzi suallar yaranır. Bizim böyük Orta Dəhlizin, yəni Transxəzər və ya yeni İpək Yolunun əsas qovşağına çevrilmək üçün tarixi şansımız var. Bizim bu cür imkanı əldən verməyə həqiqətən haqqımız varmı?" - deyə Mirzoyan əlavə edib. Nazir həmçinin diqqətə çatdırıb ki, Rusiya Dəmir Yolları (RJD) nümayəndələri ilə mövcud problemlərə üç ay ərzində cavab tapmaq barədə razılıq əldə olunub. "Gözləyək, görək. Erməni və rusiyalı tərəfdaşlara işçi qrupu çərçivəsində çıxış yolları tapmaq üçün imkan yaradaq. Ümid edirəm ki, tapacaqlar", - deyə Ermənistanın xarici siyasət idarəsinin başçısı bildirib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər